Azərbaycanın Avropa Şurasına ehtiyacı yoxdur - QHT sədr

28
Yan
2024
16:25

 

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu ədalətsiz qərara cavab olaraq isə Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib. AŞPA bu addımını guya Azərbaycanda “siyasi məhbuslar”ın olması, ermənilərin Qarabağdan çıxıb getməsi, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi və digər absurd iddialarla əsaslandırır. Mənasız və heç bir məntiqə sığmayan, əsaslandlrılmayan bu iddialar Azərbaycana qarşı Avropa Şurasının ermənipərəst qüvvələri tərəfindən hazırlanan planın tərkib hissələrindən biridir.

Azreform.info xəbər verir ki, bunu Modern.az-a Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib.

Onun fikrincə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev qurumun ilk sessiyasındakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir.

C.Şahverdiyev qeyd edib ki, Avropanı əndişələndirən  Zəfər Qələbəmizdir: "O vaxtdan Avropa özünə yer tapa bilmir, təşvişə düşüb. AŞPA Cənab Prezident İlham Əliyevin müstəqil, müdrik və uzaqgörən siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Erməni lobbisindən qidalanan AŞPA-nın bəzi avropalı deputatlarında Azərbaycanofobiya və islamofobiya təfəkkürü formalaşıb". 

 
QHT sədrinin fikrincə, bu qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur.

 AŞPA Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Məlum qərarı da özü kimi əhəmiyyətsizdir. 

Bu, öz suverünliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir: "Bu qərar qorxaqlığın, acizliyini nümunəsidir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. 

AŞPA bu illər ərzində üzvü olan Ermənistanın  Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib. Artıq Qarabağ problemi həll olunub. Hazırda Azərbaycanın Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına  ehtiyacı yoxdur. Əksinə onun güclü Azərbaycana ehtiyacı var, bunu sonradan hiss edəcək".