Avropa Komissiyası Ukraynaya alternativ yardım paketi hazırlayır

6
Yan
2024
17:49

Avropa Komissiyası fevralın 1-də keçiriləcək sammitdə Aİ ölkələrinin Ukraynaya 50 milyard avro dəyərində 4 illik dəstək proqramını təsdiqləyə bilməyəcəyi təqdirdə Ukraynaya alternativ yardım paketi hazırlayacaq.

Ölk.Az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Layen Belçikanın baş naziri Aleksandr De Kroonun iştirakı ilə keçirilən konfransda deyib.

"Əsas prioritet bütün 27 Aİ ölkəsi arasında razılığa nail olmaqdır, lakin biz artıq başqa cür istifadə edilə bilən əməliyyat həlləri üzərində işləyirik.  Milad bayramı öncəsi dekabrın 25-də biz Ukraynaya 2023-cü ildə nəzərdə tutulan 18 mlrd  avroluq  dəstəyin sonuncu tranşını 1,5 milyard avronu köçürdük. Beləliklə, Kiyevin bu ilin əvvəli üçün vəsaiti var”, - AK rəhbəri bildirib.

Fon der Layen alternativ paketin təfərrüatlarını açıqlamayıb. 

Belçikanın baş naziri isə 50 milyard avroluq yardım proqramının problemsiz razılaşdırılacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Macarıstan Ukraynaya yardımı əngəlləyir. Belə ki, Aİ-nin son sammitində  Macarıstan Ukraynaya yeni maliyyə yardımı ayrılması qərarına veto qoyub.

Mürtəza
Azreform.info