Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib

14
Noy
2023
15:59
Gürcüstanın Poti limanı Fransadan Gürcüstan vasitəsilə Ermənistana hərbi texnikanın çatdırılmasını təsdiqləyib.

Azreform.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə “APM Terminals Poti”dən “Azadlıq radiosu”nun gürcü dili xidmətinə bildirilib.

“Bu məsələ ilə bağlı vurğulamaq istərdik ki, bu yük Avropa İttifaqı ölkəsindən - Fransadan daxil olub və sanksiya tətbiq edilməyən ölkəyə - Ermənistana yönəlib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulmuş məhdudiyyətlər olmadığı hallarda, Gürcüstanda və regionda çoxməqsədli liman olan "APM Terminals Poti”nin sanksiya tətbiq edilməmiş yükləri qəbul etməkdən əsassız olaraq imtina etmək imkanı yoxdur”, - limanın açıqlamasında bildirilib.

Qeyd edək ki, bazar günü Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılıb. Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.