Sağlamlığımızın əsasını yediyimiz qidalar təşkil edir. Məhz bu baxımdan marketlərdən nə aldığımıza və evimizə hansı qidaları daxil etdiyimizə diqqət etməliyik.
Bəs saxta qidaları təbii qidalardan necə ayırd edə bilərik?
Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüeynova bildirib ki, əsasən, marketlərdə satılan yağlarla bağlı şikayətlər daha çox olur.
“Məsələn, zeytun yağları alarkən tünd yaşıl və tünd qəhvəyi rəngdə olmasına diqqət yetirmək lazımdır. Dəmir qablarda satılan zeytun yağlarına üstünlük vermək lazımdır. Plastik qablarda satılan bu yağlar insan orqanizmi üçün zərərlidir. O, həzm prosesini çətinləşdirir. Bu yağın orijinallığını yoxlamaq üçün onu soyuducuya qoymaq lazımdır. Yağ bərkiyirsə, deməli, əsl zeytun yağıdır. Lakin bəzən zeytun yağının donması üçün ona pambıq yağı əlavə edilir. Bu zaman keyfiyyətinə etibar olunan firmalara üstünlük vermək lazımdır.
Son illər keyfiyyətsiz düyülərin sayında artım müşahidə edilir. Düyü suya tökülən zaman dibə çökürsə, o, təbii düyüdür. Lakin düyü suyun üzərində qalırsa, bu onun plastikdən hazırlandığının göstəricisidir.
Kərə yağının ziyanlı olması ilə bağlı bəzi mülahizələr olsa da təbii kərə yağı A, D və E vitaminləri ilə zəgindir. Onun istifadəsi dəriyə və görmə qabiliyyətinə müsbət təsir edir. Kərə yağı alarkən onun tərkibinə baxmaq lazımdır. Bu yağın tərkibini göstərən yazıda marqarində olduğu kimi bitki mənşəli yağların adları sadalanmır. Təbii kərə yağını qiyməti ilə də fərqləndirmək olur. Bu yağ digərlərinə nisbətən daha baha olur”.
Mütəxəssis qeyd edib ki, bal da süni asanlıqla hazırlanan qidalarda biridir.
“Yüksək froktoza tərkibli sirobları duruldaraq bal adı ilə bazara çıxaranlar da var. Əgər satıcı balın soyuducuya qoyulmasını məsləhət görürsə, o bal saxtadır. Çünki təbii balın soyuducuya ehtiyacı yoxdur.
Kofe alarkən də diqqətli olmaq lazımdır. Çünki kiloyla satılan kofelər istehsal xərclərini azaltmaq üçün arpa və soya qatıla bilir. Kofe dənələrini bütöv halda almaq məsləhətlidir.
Keyfiyyətsiz və ucuz qiymətə satılan şokolodlar da yetərincə olur. Kefiyyətli və təbii şokolodların tərkibində təbii kakao və kakao yağı olur. Məhsulun üzərində palma və bitki yağlarının adları qeyd olunubsa, onlar təbii deyil”.