İspaniya klubları beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər

26
Apr
2024
06:35

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ölkə hökumətinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə qarışması səbəbindən İspaniya klublarını və milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.

Bundan əvvəl məlum olub ki, İspaniya hökuməti RFEF-in fəaliyyətinə nəzarət etmək üçün xüsusi komissiya yaratmaq qərarına gəlib. Hadisələrin bu cür cərəyan etməsi İspaniya millisinin 2024-cü il Avropa çempionatında və ölkə klublarının növbəti mövsümdə avrokuboklarda iştirakını ciddi təhlükə altına qoyur. Qeyd olunur ki, İspaniya hökuməti FİFA və UEFA-nın mümkün addımlarından xəbərdardır.

Xatırladaq ki, mart ayında İspaniya Mülki Qvardiyasının Mərkəzi Əməliyyatlar Bölməsi RFEF-in qərargahında və qurumun keçmiş prezidenti Luis Rubialesin evində axtarışlar aparıb. Daha sonra prokurorlar RFEF-in keçmiş rəhbərinin həbsinə order verib. Aprelin 3-də Mülki Qvardiya Rubialesi Dominikan Respublikasından İspaniyaya qayıtdıqdan sonra hava limanında saxlayıb və bir müddət sonra həbsdən azad edilib.
Bundan əlavə, RFEF-in prezidenti vəzifəsini icra edən Pedro Roşa da korrupsiya işində şübhəli bilinib.(oxu.az)