“Qarabağ” Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib.
Azreform.info Sportal.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nələrdir?
- Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.
- “Beşiktaş” rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?
- Çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur.
- Heyəti qurmağa daha çox vaxt sərf edirsiniz, yoxsa yeni oyunçular axtarmağa?
- Vaxt eyni olaraq qalır. İş saatım eynidir. Amma bəzi detallar var ki, onlara daha çox vaxt ayırırığ. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun.
- Rəşad Sadıqov bildirib ki, gələcəkdə “Qarabağ”ın baş məşqçisi olmaq istəyir. Buna münasibətiniz necədir?
- Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram.