DÇ-2002-nin Okeaniya Futbol Konfederasiyası (OFC) regionu üzrə seçmə mərhələsinin ilk turunda Avstraliya və Amerika Samoası yığmaları arasında keçirilən oyun Avstraliya millisinin 31:0 hesablı qələbəsi ilə başa çatdı.
Qaynarinfo-nun məlumatına görə, həmin matçda Amerika Samoası millisinin qapısını qorumuş Nikki Salapu "BBC Sounds"da "Sporting Witness" podkastına müsahibəsində yaşadıqlarından danışıb. Hələ də əcnəbilərin belə bu inanılmaz matçla bağlı gəlib ona suallar verdiyini bildirən Salapu, oyundan əvvəl yeganə məqsədinin 22 qolu keçməmək olduğunu bildirib.
Salapu qarşılaşmanın çətinliyini bu sözlərlə izah edib:
"Komanda yoldaşlarıma deyirdim ki, qarşımda düzülməkdənsə topu irəli aparsınlar. Çünki bəzən onlara görə topu belə görə bilmirdim. Matç bitənə qədər bütün emosiyalarımı içimdə saxlamağa çalışırdım. Ağlamamaq üçün müqavimət göstərdim. Avstraliyanın yanaşması qeyri-idmani idi. Mən Avstraliya komandasını çalışdırsaydım, 20-ci qoldan sonra oyunçularıma topu ötürmələrini söyləyərdim".
2001-ci ildəki bu biabırçı məğlubiyyətdən 10 il sonra Amerika Samoası Okeaniyanın tərkibindəki Tonqa millisini 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə FİFA-nın da təsdiq etdiyi qələbəsini qazandı. Həmin qarşılaşmada Amerika Samoasının qapısını qoruyan Salapu, bu matçın 10 ildən sonra onun üçün bir qurtuluş olduğunu deyib. O. açıqlamasında "2001-ci ildən bəri ilk dəfə futbolda ağladım" - sözlərini söyləyib.