Az yatmaq və ekrana çox baxmaq miqren yaradır

12
Apr
2024
18:07

Baş ağrıları uşaqlıq çağında ən çox rast gəlinən və xəstəxanaya üz tutulan nevroloji xəstəliklərdəndir.

Azreform.info xəbər verir ki, bunu türkiyəli uşaq nevroloqu, professor Dilarə Füsun İçağasıoğlu deyib.O bildirib ki, uşaqlıqda baş ağrılarının ömür boyu yayılması 25-93% təşkil edir.
Mütəxəssis əlavə edib ki, baş ağrıları 7 yaşa qədər oğlan və qızlarda bərabər  nisbətdə olsa da, yeniyetməlik dövründə qızlarda bu göstərici artır: 
"Uşaqlarda baş ağrısının simptomları böyüklərdən fərqlidir. 6-15% ağır nevroloji vəziyyətlə bağlıdır".
Türkiyəli həkimin sözlərinə görə, baş ağrılarının təsnifatı 2-yə bölünür:
"İlkin baş ağrılarına miqren, gərginlik tipli baş ağrısı, trigeminal vegetativ sefalalji və digər əsas baş ağrıları daxildir. İkinci dərəcəli baş ağrıları isə sinüzit, yuxarı tənəffüs yollarının infeksiyaları, diş kariesi, mərkəzi sinir sisteminin infeksiyaları (meningit, beyin toxumasının iltihabı), hidrosefaliya, şişlər, psevdobeyin şişləri, beyin qansızmaları, travmalardan sonra müşahidə olunur".
Həkim Dilarə Füsun həmçinin hipertoniyanın uşaqlarda baş ağrılarının mühüm səbəbi olduğunu bildirib. O, uşaqlarda ən çox rast gəlinən baş ağrısı növünün miqren olduğunu deyib.
“7 yaşa qədər miqren tezliyi 2,5 % olduğu halda, 10 yaşından sonra 5 %-ə yüksəlir. Yetkinlərdən fərqli olaraq, uşaqlarda miqren baş ağrıları ikitərəfli ola bilər. 5-15 yaş arası hər 9 uşaqdan birində görülən miqrenin səbəbləri az yatmaq, daha çox televizor və ya kompüter izləmək, cəmiyyətdə daha çox güvənsizlik hissi, daha çox şiddət və məktəb problemləridir. Uşaqlarda miqren baş ağrıları orta hesabla 2-72 saat arasında davam edir. Fəaliyyətlə pisləşir və ya fəaliyyətdən yayınmağa səbəb olur. Ağrı ürəkbulanma və qusma ilə müşayiət olunur".