Alimlər ilk dəfə aşkarladı: Kökəlməyə meyilli insanlar...

6
Apr
2024
15:49

Bəzi insanlar gündə 2 saat hərəkət etsə arıqlayır, bəziləri də hər gün idman etsə belə çəki atmaqda çətinlik çəkir. Elm adamları nəhayət aradakı fərqin səbəbini araşdırıb.

Azreform.info "daily mail"ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Tennessi ştatının Neşvill şəhərindəki Vanderbilt Universiteti Tibb Mərkəzinin tədqiqatçıları araşdırma aparıb.

Məlum olub ki, genetik olaraq kök olan şəxslər arıqlamaq üçün digərlərinə nisbətən 73% daha çox məşq etməlidirlər.
Araşdırmanın nəticələrinə görə, genetik cəhətdən yüksək piylənmə riski qrupuna daxil olanlar arıqlamaq üçün gündə 15 min addım atmalıdırlar. Aşağı risk qrupunda olanlar üçün 5 min addım kifayətdir.

Hətta orta dərəcədə genetik kökəlməyə meylli insanlar da aşağı risk qrupunda olanlara nisbətən 41% daha çox addım atmalıdırlar.

Tədqiqatın nəticələri "JAMA Network Open"da dərc edilib.

Araşdırma üçün 3124 iştirakçının 4 illik fitness izləmə cihazı məlumatları, həkim qeydləri və genetik məlumatları araşdırılıb. 

Tədqiqatçılar insanların atmalı olduğu addımların sayının bədən kütləsi indeksindən asılı olaraq dəyişə biləcəyini deyib.
Bildirilib ki, səhiyyə orqanlarının verdiyi ümumi məşq tövsiyələri piylənmə problemi yaşayan insanlar nəzərə alınmadan hazırlanıb.

Qeyd edək ki, keçmiş tədqiqatlar piylənmə hallarının təxminən 80%-nin genetik meyllə bağlı olduğunu üzə çıxarmışdı.

Billurə Yunus