Facebook, İnstagram, Tik-tok platformalarının aktiv istifadəçilərinin zaman keçdikcə paranoikə çevrilmə təhlükəsi var.
Belə ki, öz səhifələrində aktiv olaraq reallığı fərqli göstərənlər və görənlər, getdikcə bu gözəl həyata və şəkillərə uyğun gəlmədikləri üçün kədərlənir, utanır və özlərini qınayır.
“Medicina” xəbər verir ki, bir çox aktiv səhifə sahibləri sosial şəbəkələrdə öz həyat-fəaliyyətlərinin daha uğurlu məqamlarını paylaşır, şəkillərini effektlə düzəldir, pozitiv videolar paylaşır, əslində isə 50% hallarda reallığa uyğun gəlmir.
Tədqiqatçılar bildirir ki, məşhur blogerlər 90% halda yalan danışır, süni imic yaradır və reallıqdan kənar virtual dünya yaradır. Həm izləyicilər, həm özləri bu yalana inanır. İlk başdan bu vəziyyət psixikaya təsir etmir, əksinə xoş gəlir, zamanla insanların psixikasında dəyişiklik başlayır. Onlar getdikcə depressiyaya düşür, utanır, tənbəlləşir, real həyatına nifrət edir və paranoya başlayır.
Şəxsiyyətdə təhlükəli eroziyalar baş verir. Son elmi araşdırmalar sübut edib ki, xatirələr əslində dəqiq deyil, biz öz yaddaşımızın dərinliyindən xatirələri çıxaranda onları dəyişirik.
İnsan naturası özü zamanla dəyişir. Sosial şəbəkələrdə rəqabətin mənfi təsiri odur ki, zamanla insan paylaşdığı mənzərəyə uyğun gəlmədiyini görür və bundan əziyyət çəkir. İnsanda günahkarlıq hissi, təşviş pozuntusu, panik atak, destruktiv davranış başlayır və bu insanlar nəticədə psixiatr müalicəsi almalı olur”.