Son on ildə azyaşlı uşaqlar arasında görmə qabiliyyətinin zəif olması halları artıb. Əvvəllər eynəyi yaşlı insanlar taxırdısa, indi vəziyyət kiçik yaşlı uşaqlar arasında eynidir. Mütəxəssislər isə görmə zəifliyini hazırki qidalarla əlaqələndirirlər.
Bəs əsl səbəblər nələrdir?
Oftalmoloq Elnarə Məmmədova Bizim.Media-ya bildirib ki, azyaşlılar arasındakı görmə zəifliyi telefonla oynamaqlarına görədir:
“Telefon, planşet, kompüter şuası görmə zəifliyi yaradır. Eyni zamanda, bəli, burada qidaların tərkibinin keyfiyyətsizliyi də rol oynayır. Qeyd edim ki, günümüzdə dərs vəsaitlərinin çoxu internet məlumatları olduğu üçün uşaqlar məcbur qalıb telefondan, planşetdən istifadə etməli olurlar. Bundan başqa, koronavirus pandemiyası vaxtı məktəblər distant təhsilə keçdi, şagirdlər məcbur qalıb saatlarla kompüterin qarşısında oturmalı oldular. Bütün bunlar göz üçün yüklənmədir”.
E.Məmmədova qeyd edib ki, 5 yaşından aşağı uşaqlardakı görmə zəifliyi isə doğuş zamanı yaranan travmaya görədir:
“Azyaşlılardakı görmə zəifliyi genetik də ola bilər. Yəni ata-anasının gözləri zəif görən uşağa avtomatik görmə zəifliyi keçir. Lakin çox vaxt bu, sonradan qazanılır. Bunun qarşısını almaq üçün isə uşaqlar sarı, yaşıl, narıncı meyvələri çox yeməlidir, göz məşqləri edilməlidir. Eyni zamanda, kitab oturaq vəziyyətdə oxunmalı, stolun üstündə yan proyeksiyadan gecə lampaları yandırılmalıdır. Kompüterlə isə gün ərzində fasilələr verməklə, 1-2 saat məşğul olmaq olar.
Amma dediyim kimi, 1-2 saat ara vermədən kompüter qarrşısında oturmaq olmaz, fasilələr edərək, gün ərzində ümumilikdə 2 saata kimi məşğul olmaq olar. Yəni yarım saatdan bir fasilə vermək və bu zaman göz məşqi etmək lazımdır. Üsul isə çox sadədir, fasilə zamanı açıq havada, eyvanda uzaq məsafəyə gözü yumub-açaraq baxmaq lazımdır”.