Yaz mövsümü və allergik xəstəliklər

1
Apr
2024
19:42

Yaz mövsümündə ən çox rast gəlinən sağlamlıq problemləri sırasında allergik xəstəliklər aparıcı yer tutur. Bu hal özünü dəridə səpgilər, gözlərdə qaşınma və sulanma, bəzən isə qrip şəklində büruzə verir.

Allergiyaya meyilli olanlar tozdan başqa bitki tozcuqları və kifdən də narahatlıq hissi yaşayırlar. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında üzə çıxır. Lakin yayda onun daha çox yayılmasının səbəbi rütubətli hava ilə əlaqədardır. Mütəxəssislər hesab edilər ki, bəzən allergiya genetik yolla keçir.

Azreform.info xəbər verir ki, həkim-endokrinoloq Aynur Əliyeva deyib: “Bitki tozcuqlarının ətrafa saçılması və bəzi göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. Allergik xəstəliklər arasında daha çox allergik rinitə rast gəlinir və özünü burun axması, öskürmə, asqırma, burun tıxanıqlığı kimi şikayətlərlə göstərir. Allergik reaksiyalardan qorunmaq üçün ev şəraitində xüsusi dəmləmələrdən istifadə etmək məsləhət görülür. Məsələn, burun və boğazı duzlu su ilə qarqara etməklə xəstəlikdən müəyyən qədər qorunmaq olar”.

Bəzi qidalar yaz aylarında daha çox allergiyaya səbəb ola bilər. Bunlar çiyələk, pomidor və bibər hesab edilir. Qida məhsullarından yaranan allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir. Müxtəlif çəyirdəkli bitkilər, soya paxlası və digər paxla növləri ilə qidalanmaq da allergiyaya səbəb ola bilər.

Mütəxəssislər həkim məsləhəti olmadan müxtəlif dərmanlarla özünü müalicə etmək istəyənlərin ağır nəticələrlə üzləşdiyini deyirlər. Bu bronxit, bronxial astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına aparıb çıxara bilər. Həkimlər allergiyaya meyilli olanların tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida maddələrindən istifadə etməyi tövsiyə edirlər.