Bu gün çox sayda insan unutqanlıqdan əziyyət çəkir.
Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, türkiyəli nevrologiya mütəxəssisi Prof. Dr. Derya Uludüzün sözlərinə görə, bəzi yanlış vərdişlər və xəstəliklər də bu problemə səbəb ola bilər. O, deyib ki, unutqanlıq tez-tez baş verirsə, buna ciddi yanaşmaq lazımdır.
Mütəxəssis yaddaşsızlıq probleminin 15 səbəbini sadalayıb:
1. Qan dövranı pozğunluqları: Ürək-damar xəstəlikləri, hipertoniya, diabet kimi qan axınına mənfi təsir edən vəziyyətlər.
2. Erkən təqaüd/yaşlanma: Yaşın artması, yeni şeylərlər öyrənməmək, təqaüdə çıxma ilə bağlı məsuliyyətlərin və motivasiyanın azalması.
3. İltihab: Diş əti xəstəliyi, qanınızdakı yüksək C-reaktiv protein [CRP] səviyyələri, yüksək homosistein səviyyələri.
4. Genetik: APOE geninin e4 versiyasına sahib olmaq.
5. Baş zədələri: Huşunu itirmiş vəziyyətdə olan və ya olmayan baş zədələri, erkən yaşlarda aşağı şiddətli baş zərbələrinə (futbol oynamaq, boks kimi idman növləri) tez-tez məruz qalmaq.
6. Toksinlər: Həddindən artıq spirt və narkotik istifadəsi, havanın çirklənməsi, bəzi qidalar və ya şəxsi baxım məhsulları vasitəsilə toksinlərə məruz qalma.
7. Psixi problemlər: Xroniki stress, depressiya, tənhalıq, travma sonrası stress pozğunluğu.
8. İmmun/İnfeksiya problemləri: Xroniki yorğunluq sindromu, otoimmün problemlər, müalicə olunmamış infeksiyalar.
9. Neyrohormon çatışmazlığı: Tiroid səviyyəsinin aşağı olması, kişilərdə və qadınlarda cinsi hormonların az olması.
10. Piylənmə: Diabet, prediyabet və piylənmə, insulin müqaviməti. Xüsusilə qarın nahiyəsində çəki artımı unutqanlıq üçün risk hesab edilir.
11. Yuxu problemləri: Xroniki yuxusuzluq və yuxu apnesi.
12. Vitamin-Mineral əskikliyi: Xüsusilə B, D, E vitaminləri və dəmir əskikliyi.
13. Beyin şişləri: Baş ağrısı, qusma, ürəkbulanma, görmə pozğunluğu və şüurun pozulması da müşahidə edilir.
14. Bəzi dərmanlar: Sakitləşdiricilər, antidepresanlar, bəzi epilepsiya dərmanları, ağrıkəsicilərin tez-tez istifadəsi.
15. Susuzluq: Beyində kiçik bir su çatışmazlığı belə qısa müddətli unutqanlığa səbəb ola bilər. Uzun müddətli susuzlaşdırma beyin hüceyrələrinin ölçüsü və kütləsinin azalmasına səbəb ola bilər.
Unutqanlığa səbəb olan risk faktorlarına qarşı beyin sağlamlığını gücləndirən sağlam qidalar yemək, lazım olduqda mütəxəssis məsləhəti ilə vitamin və mineral kimi əlavələr qəbul etmək, nizamlı idmanla yanaşı beyin məşqləri etmək kimi asan və çox təsirli kiçik həyat tərzi dəyişiklikləri vacibdir. Elmi araşdırmalar göstərir ki, bu sadə, lakin effektiv yanaşma yaddaşı gücləndirən təsirə malikdir, beynin qocalmasına əks effekt verir və Altsheymer riskini azaldır.
Billurə Yunus