“Qidaya rəngləndirici, dadlandırıcı, qatılaşdırıcı, durulaşdırıcı, həcmverici və s. maddələr qatıla bilir. Bu qidanın keyfiyyətini heç də yaxşılaşdırmır, sadəcə görünüşünü və rəf ömrünü uzadır. Buna görə də bütün qatqı maddələri insan orqanizmi üçün faydalı hesab olunmur”.
Bu fikirləri “Yeni Sabah”a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova açıqlayıb.
O bildirib ki, bəzi qida əlavələri bir çox dövlətlərdə qadağan olunsa da, müəyyən ölkələrdə hələ də istehlak olunur:
“Qida əlavələrinin təbii, sintetik, GDO-lu növləri mövcuddur. Təbii olanlar bitkilər və heyvan mənşəlidir. Az miqdarda qəbul olunarsa, insan orqanizminə zərər vermir. Lakin bəzi kimyəvi qatqı maddələri olduqca təhlükəlidir. Məsələn, “Monosodium glutamate” adlı genetik mənşəli maddə asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını pozur.
Bir çox qatqı hər yaş və orqanizm üçün eyni təsirdə olmur. Xroniki xəstəliyi, allergik reaksiyası olan insanlar və dərman müalicəsi alan şəxslərə qatqı maddələri daha pis təsir göstərir. Eyni zamanda, 20-25 yaşa qədər tərkibində qatqı maddələri olan qidaların qəbulu inkişaf prosesini ləngidir və daxili orqanlar öz funksiyalarını itirməyə başlayır. Xüsusilə, cinsi yetkinlik dövründə inkişafdan geri qalmaq gələcəkdə sonsuzluğa gətirib çıxarır. Müəyyən yaşı keçən şəxslərə kimyəvi qatqı maddələri daha az təsir göstərir. Bu meyar 40 yaşdan sonra başlayır”.
Ekspert qeyd edir ki, bir sıra məhsulun tərkibində qatqı maddələrinin mövcudluğu etiketdə göstərilmir:
“Bəzən qatqı maddələri məhsulun etiketində E kodlarla göstərilir, bəzilərində isə ad olaraq yazılır. Məsələn, çörəyin tərkibində duz, su, un ilə yanaşı, qatqı maddələri də əlavə olunur. Ancaq bu etiketdə göstərilmir. Belə məhsullar bir çox hallarda təhlükəli hesab olunur. Ona görə də sağlamlığına diqqət edən adamlar rəf ömrü uzun olan, paketlənmiş qidaları istehlak etmirlər”.