Bu qədər ixracdan sonra Azərbaycanda yumurta bahalaşacaq? - Sədrdən açıqlama

26
Yan
2024
17:42

“Yanvar ayında Rusiyaya 27 maşın yumurta yola salınıb. Hər maşında 306 min ədəd yumurta olub”.

Bunu Valyuta.az-a açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli deyib. Onun sözlərinə görə, bundan əlavə digər yaxın Şərq ölkələrinə də Azərbaycandan yumurta göndərilib:

“Azərbaycan yanvar ayında ilk dəfə Azərbaycan tarixində damazlıq yumurta ixrac etmişik. Həm Birləşmiş Ərəb Əmirliklərinə, həm də Küveytə. Düşünürəm ki, uğurlarımız daha da artacaq, ixrac ölkələrinin sayı artacaq. Bu il 200 - 300 milyon ədəd yumurta ixrac edəcəyik. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il 700 min ədəd yumurta artıq istehsal edilib”.

Mürvət Həsənli yumurtanın qiymətində heç bir dəyişiklik olmayacağını qeyd edib:

Ona görə ki, yumurtanın maya dəyəri var. Bir yeşikdə 360 ədəd yumurta var və onun qiyməti 31 dollar civarındadır. Qonşu ölkələrlə müqayisədə ən ucuz yumurta Azərbaycanda təklif edilir”.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya 612 min ədəd daha iki partiya ərzaq yumurtası göndərilib. Yanvarın 25-nə kimi Azərbaycandan Rusiya Federasiyasına 4,2 milyon ədəd yumurta ixrac olub.