Penitensiar Xidmətin sabiq əməkdaşı metroda qəfildən ölüb - FOTO

7
Yan
2024
18:07

Bakı metrosunda ölüm hadisəsi baş verib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə ayın 3-də axşam saatlarında metronun İnşaatçılar stansiyasında qeydə alınıb.

Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.

Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı İqtisadiyyat.az-a təsdiq edib.

Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" hotelinin direktoru vəzifəsində çalışıb.