Prorektorun öldürülməsində təqsirləndirilən şəxslərin məhkəməsi başladı

7
Yan
2024
15:21

“Elm və Təfəkkür Universiteti”nin prorektorunun öldürülməsində təqsirləndirilən şəxslər - Dəyanət Quliyev, Samir Quliyev və Müşfiq Atakişiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyev sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərin heç biri məhkəmənin başlaması ilə bağlı bildiriş almayıb.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.

Təqsirləndirlilən şəxs Dəyanət Quliyev isə Daxili İşlər Nazirliyinin 7-ci polis şöbəsində əməliyyat müvəkkili olub.

Məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxslərin bildiriş almadıqları üçün yanvarın 17-ə təyin edilib.

İstintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.

Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.