Laçındakı qəzada ölən hərbçilərimizin adları bilindi - YENİLƏNİB

4
Yan
2024
17:42

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində ölən hərbçilərimizin adları açıqlanıb.

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar.

“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir”, - qurumdan qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

***
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.
Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.