Kişi azərbaycanlı həyat yoldaşının qolunu sındırdı - Həbs edildi

4
Yan
2024
15:28

Türkiyədə azərbaycanlı həyat yoldaşını döyən və qolunu sındıran şəxs məhkəmə tərəfindən həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Samsunun Canik rayonunun Uludağ məhəlləsində baş verib. 

Belə ki, S.A. adlı şəxs azərbaycanlı həyat yoldaşı, 2 uşaq anası olan Z.H.A. ilə evdə mübahisə edib. Mübahisə zamanı həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilən Z.H.A.-nın sol qolu sınıb. Azərbaycanlı qadın xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur.

Canik Rayon Polis Şöbəsi Məişət və Qadın Zorakılığı ilə Mübarizə Bürosu tərəfindən saxlanılan S.A. Samsun Ədliyyəsinə aparılıb. O, məhkəmə ifadəsində "Həyat yoldaşımla mübahisə etdim, ardını xatırlamıram. Sərxoş idim. İttihamları qəbul etmirəm", deyib.

Nöbətçi məhkəmə tərəfindən həbsinə qərar verilən S.A. Samsun qapalı həbsxanasına göndərilib.