Pulu banka, yoxsa daşınmaz əmlaka yatırmaq sərfəlidir? 

29
Dek
2023
17:07

“Bu il vətəndaşların bank əmanətləri artsa da, vəsaitin əhəmiyyətli bir hissəsi kredit və maliyyə strukturları xaricində saxlanılır. Bu tendensiya artmağa meyllidir. Belə bir vəziyyətin yaranmasının müxtəlif səbəbləri var. Bu, davam edən istehlakçı infilyasiyasıdır və gəlirləri azaldır. Bir çox vətəndaşımızın praktik olaraq saxlamaq üçün heç bir şeyi yoxdur. İkincisi, əmanətlər tərəfindən gəlirlilik səviyyəsinin aşağı olması vəziyyətə təsir göstərir. Bundan əlavə, banklara etibar səviyyəsi də bu məsələdə rol oynayır”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, hazırki vəziyyətdə əhali uzunmüddətli perspektiv üçün bank əmanəti kimi bir məhsula etibar etmir. Vətəndaşlar bank depozitindənsə, daşınmaz əmlak sərmayəsinə üstünlük verirlər. Eyni zamanda, qısamüddətli əmanətlərin həcmi uzunmüddətli depozitlərin həcmini dəfələrlə üstələyir. Əmanətlərin ümumi həcmində bir ilədək qoyulan investisiyaların payı 81 faiz təşkil edir.

P.Heydərovun sözlərinə görə, bu gün əmanət qoyuluşunun 75 faizi 30 min manata qədərdir. Bütün bunlar etibarın olmaması və depozitlərin qeyri-qənaətbəxş gəlirliliyinin nəticəsidir:
“Vətəndaşların qorxusu, bankın iflas vəziyyətində pullarını itirəcəkləri ilə bağlı deyil. Əmanət sığortası sistemi və təhlükəsizliyə zəmanət verən profil fondu var. Əsas problem inflyasiyadadır: uzun müddətə qoyulan əmanət öz dəyərini itirə bilər və bunun qarşısını almaq üçün sığorta mexanizmləri yoxdur. Adətən, banklara qoyulan hər hansı bir vəsait istehlak qiymətləri, inflyasiya və devalvasiya riski altındadır. Bununla birlikdə, daşınmaz əmlaka sərmayə qoyurlarsa, öz dəyərini hətta heç bir gəlir gətirməsə də, saxlayır. Çünki bu bazardakı qiymətlər heç vaxt azalmır. Buna görə əhali bu investisiya alətinə investisiya qoymağı üstün tutur”.