Kürdəmir şəhərinin Heydər Əliyev prospektində yerləşən və bir əsrə yaxın yaşı olan üçmərtəbəli qeyri-yaşayış binasının bir hissəsi dağılıb. Tamamilə qəzalı vəziyyətə düşən tərk edilmiş binanın hər an uça biləcəyindən ehtiyatlanan ətrafda yaşayan insanlar onun tez bir zamanda sökülməsini istəyirlər.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sözügedən bina ötən əsrin 40-cı illərində tikilib və İkinci Dünya müharibəsi zamanı xəstəxana kimi istifadə olunub.
Sonralar bina mehmanxana kimi fəaliyyət göstərib. Sonrakı illərdə binada Birinci Qarabağ müharibəsi dövründə doğma yurdlarından didərgin düşən məcburi köçkünlər məskunlaşıblar.
İstismar müddəti bitən tikilidə hazırda yaşayış yoxdur. Dekabrın ortalarında bir hissəsi uçan bina yaxınlıqda yaşayan sakinlər və obyekt sahibləri üçün təhlükə mənbəyinə çevrilib.
Şəhər sakini İlyas Bağırov “Report”un yerli bürosuna bildirib ki, binanın bir tərəfi üçmərtəbəli, digər hissəsi isə ikimərtəbəlidir:
“Məcburi köçkünlər başqa yerə köçürüləndən sonra bina yiyəsiz qaldı. Bir neçə gün əvvəl evdə oturmuşduq, birdən gurultu eşitdik. Düşündüm ki, yəqin, maşınlar toqquşublar, çıxıb gördük ki, bina uçub. Buna bir əncam çəkmək lazımdır”.
Digər sakin Mehman Qəniyev isə deyib ki, binanın yanından uşaqlar, şagirdlər keçirlər:
“Aidiyyəti qurumlardan xahiş edirəm ki, bina tez bir zamanda sökülsün”.
Çəkiliş zamanı öyrəndik ki, bina heç bir qurumun balansında deyil və hərrac vasitəsilə hansısa iş adamına satılıb. Binanın sahibi ilə əlaqə saxlamaq istəsək də, alınmadı.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin aparıcı məsləhətçisi Əziz Hacı “Report”un yerli bürosuna bildirib ki, Kürdəmir şəhəri Heydər Əliyev prospekti, məhəllə 3/20 ünvanında yerləşən, uzun illər öncə inşa edilərək mehmanxana kimi fəaliyyət göstərmiş və hazırda istifadəsiz olan binanın birinci və ikinci mərtəbəsinin sağ yan divarı dekabr ayının 10-da dağılıb.
“Həmin gün Kürdəmir Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın dağılma təhlükəsi nəzərə alınaraq qabaqlayıcı tədbir kimi uçmuş hissənin ətrafındakı səki lentlə mühafizəyə alınıb. Mövcud vəziyyətlə bağlı akt tərtib olunaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə baxılması üçün göndərilib”, - o qeyd edib.