Bakıda sifarişlə adam döyən şəxslərlə bağlı QƏRAR

26
Dek
2023
11:07

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Cəfərov və onun tanışı Samir Səfərovun (hər ikisinin adı və soyadı şərti) barələrindəki hökmdən dövlət ittihamçısı verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, Zaman Cəfərov və onun tanışı Samir Səfərov şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sifarişi əsasında hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkil etmələri barədə razılığa gəliblər.

Belə ki, onlar 26 noyabr 2022-ci il tarixdə, saat 5 radələrində “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yerləşən fərdi evin qarşısına gələrək orada zərərçəkmiş Vahid Məmmədovun (ad, soyad şərti) gəlməsini gözləyiblər. Daha sonra həmin şəxslər xuliqanlıq niyyəti ilə sonradan şəxsiyyəti onlara məlum olan zərərçəkmiş Vahid Məmmədovu əllərində olan dəmir və taxta parçalarından istifadə edərək qəsdən sifət, baş və sol böyrək nahiyələrindən zərbələr vurublar. Nəticədə Zamanla Samir sifarişlə və xuliqanlıq niyyəti ilə Vahid Məmmədova qəsdən sağlamlığa az ağır zərər yetiriblər.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə onlar barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra prokuror kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.