Azad edilmiş ərazilərdə qazlaşma işləri ilə bağlı son vəziyyət açıqlanıb

22
Dek
2023
15:28

“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) olaraq hələlik işğaldan azad olunmuş ərazilərdə çox ciddi şəkildə iş görmürük. Çünki ilkin mərhələdə SOCAR-ın Qaz-ixrac İdarəsi infrastrukturu təsdiq olunmuş şəhər və rayonlarda magistral daşıyıcı kəmərlərin çəkilişi ilə məşğuldur”.

Bu sözləri Azreform.info -a açıqlamasında “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz vəliyev deyib. 

“Bu işlər bitəndən sonra “Azəriqaz” İB olaraq daşıyıcı küçə xətlərinin çəkilişini təmin edəcəyik. 
Tərtər rayonunun Talış kəndində, yəni məskunlaşmış keçmiş məcburi köçkünlərin qazla təmin olunmasını reallaşdırdıq. 1.5 ay bundan əvvəl Laçın şəhərində 150 abonentin qazla təmin olunması prosesini həll etdik. 
Növbəti mərhələlərdə Şuşanın küçə xətlərinin çəkilişi təmin olunandan sonra Şuşanın qazlaşdırılması ilə bağlı konkret addımlar atılacaq”. 

“Azəriqaz” rəsmisi Xankəndinin qazlaşdırılması ilə bağlı suala da aydınlıq gətirib:

“Xankəndiyə də paralel olaraq Qaz-ixrac İdarəsi tərəfindən daşıyıcı magistral xətlərdə yenilənmə prosesi gedir. Yəni bizim idarədən kənar olan bir məsələdir. Bu proseslər bitəndən sonra oranın da köklü olaraq qazlaşması məsələsi “Azəriqaz” İB olaraq gündəmimizdə olacaq”, - deyə o söyləyib.

Billurə