Kredit təşkilatı yaratmaq üçün nə qədər vəsait lazımdır? - BOKT açmaq üçün şərtlər

19
Dek
2023
12:28

Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsini təmin edir.

Bəs BOKT yaratmaq üçün nə qədər vəsait lazımdır? Hansı şərtlərlə BOKT-ların yaradılmasına icazə verilir?

Valyuta.az bununla bağlı araşdırma aparıb.  

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyib ki, hazırda ölkədə 54 BOKT var: “BOKT yaratmaq üçün minimum nizamnamə kapitalı 300 min manatdır. Qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün 30 min manatdır”.

J.Hacıyeva deyib ki, lisenziyanın alınması üçün BOKT Mərkəzi Banka bir sıra sənədlər təqdim etməlidir: “Təsisçi və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs tərəfindən imzalanmış ərizə, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri, BOKT üçün təklif edilən nizamnamə (şərikli) kapitalının (əmlak haqlarının) miqdarı, hər bir pay sahibinin (təsisçinin) payı (əmlak haqqı) və payın (əmlak haqqının) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi barədə məlumatlar və sənədlər, minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi və digər sənədlər təqdim edilir”.

O əlavə edib ki, lisenziyanın alınması üçün müraciətə Mərkəzi Bank tərəfindən 30 gün müddətində baxılır: “Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Bankı onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bankı 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir”. 

O, qeyd edib ki, bank olmayan kredit təşkilatları sistem əhəmiyyətli qurumlar deyil, onların maliyyə mənbələri səhmdarlar (kiçik və orta sahibkarlar) və investor şirkətləridir (yerli və xarici): “BOKT-lar kredit risklərini öz hesabına qarşılayırlar və onlar müflis olduğu halda səhmdarlar və investorlar bu riski paylaşırlar. Tələblər maliyyə qurumların daşıdıqları risklərlə fərqlənir. BOKT -ların böyük əksəriyyəti tam formalaşmamış sahibkarlıq subyektlərinə kreditlər verir. Tam formalaşmamış dedikdə, onların fəaliyyətləri müxtəlifdir, olduqca çevikdir, fəaliyyət göstərdikləri istiqamətlər tez dəyişəndir, bəzən qısa müddətlidir, əsasən xammal şəklində əmtəələrin satışı və ya ev şəraitində olan istehsaldır”.

“BOKT-lar əsasən özünə məşğul əhaliyə, eləcə də mikro və kiçik sahibkarlıq subyektlərinə həm gəlir yaradılması fəaliyyəti (biznes təyinatlı), həm də öz həyat şəraitlərini yaxşılaşdırmaq üçün istehlak təyinatlı kreditlər təklif edirlər, həmçinin digər maliyyə xidmətləri göstərirlər. Hazırda BOKT-lar fəaliyyətini genişləndirmək üçün maliyyə resurslarının axtarışındadırlar və  əsas maliyyə mənbəyi istiqrazların buraxılmasıdır, investorlardan vəsatinin xarici valyutanın cəlb edilməsi çox (hədd xərci yüksəkdir) bahalıdır”.