Oturaq həyat tərzi keçirənlərə tövsiyə: Qəhvə için!

9
İyl
2024
05:35

Qəhvənin gözlənilməz təsiri üzə çıxıb.

Medicina.az xəbər verir ki, çinli tədqiqatçılar qəhvə istehlakının oturaq həyat tərzindən qaynaqlanan ölüm ehtimalını azaltdığını üzə çıxarıblar.

Jiangsu əyalətinin Suzhou şəhərindəki Soochow Universitetinin tədqiqatçıları ABŞ-da 10 639 nəfərin məlumatlarını araşdırıblar. Məlumatlara onların hər gün masada əyləşərək keçirdikləri vaxt və istehlak etdikləri qəhvə miqdarı daxil olub.

“BMC Public Health” jurnalında dərc edilən araşdırmaya görə, gündə 8 saatdan çox oturmaq xüsusilə də ürək xəstəliklərindən ölüm riskini artırır.

Digər tərəfdən, yeni araşdırma oturarkən daha çox qəhvə istehlak edənlərin ölüm riskinin daha az qəhvə içənlərə nisbətən 1,58 dəfə aşağı olduğunu göstərib.

Tədqiqatın müəllifi Binqyan Li, tapıntıların təəccüblü olduğunu ifadə edib.

Qəhvə dünyada ən çox istehlak edilən içkilərdən biridir. Bir çox araşdırmalar göstərir ki, müntəzəm qəhvə istehlakı güclü antioksidant xüsusiyyətlərinə görə xroniki xəstəliklərdən ölüm hallarını azalda bilər.

Alimlər qəhvənin oturaq həyat tərzinin səbəb olduğu riskləri nə üçün yüngülləşdirdiyini müəyyən edə bilməyiblər.

Bununla belə, İsveç və Böyük Britaniyadan olan tədqiqatçılar tərəfindən fevral ayında dərc edilən araşdırma nəticəsində məlum olmuşdu ki, qanda olan kofein 2-ci tip diabet və ya ürək-damar xəstəlikləri riskini azaldır.

Keçən ilin fevral ayında nəşr olunan başqa bir araşdırma isə hətta kofeinsiz qəhvənin maddələr mübadiləsini sürətləndirən və iltihabı azaldan antioksidanlarla zəngin olduğuna diqqət çəkmişdi.