Göz ətrafı ən həssas bölgələrimizdən biridir. Həmçinin, üzdə ən tez qocalan bölgə olan göz ətrafı insanı olduğundan daha gənc və ya qoca göstərmək gücünə malikdir. Göz ətrafındakı qırışlar və yorğunluq insanı yaşından xeyli yaşlı göstərə bilər.
Beləliklə, daha gənc görünmək üçün ilk növbədə göz ətrafını gənc saxlamaq və ya gəncləşdirmək lazımdır.
ABŞ-da yaşayan plastik cərrah Dr. Entoni Youn göz qapaqlarının və göz ətrafının yaşlanmasının qarşısını almaq üçün dörd məsləhətini paylaşıb.
Medicina.az məşhur həkimin məsləhətlərini təqdim edir:
1. Günəş eynəyindən istifadə edin!
"Bu, nəinki zərif göz qapaqlarının dərisini günəşin UV şüalarından qoruyacaq, həm də “qaz ayağı” qırışlarına səbəb olan davranışın, yəni gözlərinizi qıymağınızın qarşısını alacaq", - deyə həkim bildirib.
2. Ultra işlənmiş qidalardan istifadəni azaldın!
Ultra emal olunmuş qidalar ürək xəstəliyi, xərçəng, 2-ci tip diabet və piylənmə riskini artıra bilər.
Dr. Youn deyir ki, onlar duz və digər zərərli maddələrlə dolu olduqları üçün göz ətrafındakı şişkinliyi də artırırlar.
3. Allergiyalarınızı nəzarət altında saxlayın!
“Allergiyalarınızı idarə etməyə çalışın və göz qapaqlarınızı aqressiv şəkildə ovalamayın. Göz qapağının dərisi bütün bədəndəki ən nazik dərilərdən biridir və onu ovuşdurmaq qırış yaranmasını tezləşdirir", - deyə həkim diqqətə çatdırıb.
4. Doğru seçilmiş göz kremindən istifadə edin!
Doktor 30 yaşdan sonra göz kremi seçərkən daha diqqətli olmağı tövsiyə edib. O bildirib ki, müəyyən yaşdan sonra təkcə nəmləndirmə xüsusiyyəti olan göz kremindən istifadə kifayət deyil. Həkim retinolun dəri kollagenini artırdığını, dərinin incəlməsinin və qırışmasının qarşısını aldığını vurğulayıb.
O, tərkibində 0,1% ilə 0,5% arasında retinol olan göz zərdablarından və ya kremlərdən istifadə etməyi məsləhət görüb.
Dr. Youn qeyd edib ki, retinola ən aşağı səviyyədən başlamaq lazımdır. Daha sonra göz dərisi bu maddəyə öyrəşdikcə, retinolun faizini artırmaq olar.