Qara gavalı sümükləri və ürəyi zədələnmədən qoruyur. Bənövşəyi rəngli meyvənin faydaları sağlamlıqla bağlı digər problemlərə də şamil edilir.
Azreform.info xəbər verir ki, onun insanlara daha uzun ömür sürməyə kömək etdiyi və xüsusilə qadın sağlamlığı üçün faydalı olduğu müəyyən edilib.
Yeni araşdırmanın nəticələri göstərib ki, gündəlik 50 qram qara gavalı yemək mineral sıxlığını qoruyub saxlayaraq sümükləri müdafiə edə bilər. Alimlər bildirirlər ki, güclü və sağlam sümüklər uzunömürlülüyün göstəricisidir, çünki bu halda daha yüksək xəstələnmə və ölüm halları ilə əlaqəli olan osteoporoz kimi ağırlaşmaların ehtimalı azalır. Qara gavalının faydasına dair nəticələrə Pensilvaniya Universitetinin Qadın Sağlamlığı və Fiziki Məşğələlər Laboratoriyasının mütəxəssisləri tərəfindən gəlinib və həmin nəticələr “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Tədqiqatçıları gündəlik qara gavalı istehlakının bud sümüyündə mineral sıxlığının itirilməsinin qarşısını ala biləcəyi və postmenopauza dövründə qadınları omba sınıqlarından qoruya biləcəyi maraqlandırıb. Onlar 235 qadını müşahidə ediblər. İştirakçılar üç qrupa bölünüb; birincisi - nəzarət qrupu, ikincidə - qadınlar gündəlik 50 qram, üçüncüsündə isə - 100 qram quru gavalı qəbul ediblər. Nəticədə müəyyən edilib ki, 50 qramlıq porsiya qəbul edən qadınlarda bud sümüyünün mineral sıxlığının göstəriciləri daha yaxşı idi. Mütəxəssislərin fikrincə, qara gavalı həqiqətən də menopauzadan sonra sümük kütləsi itkisinə qarşı əlavə qorunma vasitəsi kimi istifadə edilə bilər.
Qeyd olunur ki, qara gavalı antioksidant tərkibinə görə misli görünməmiş antioksidant fəaliyyəti ilə tanınan qaragilə ilə rəqabət aparır. Onun tərkibində digər meyvələrdən iki dəfə çox polifenol antioksidant birləşmələri var. Bu antioksidantlar, sümük sıxlığını qorumağa kömək edərək, bədəndəki iltihabı azaltmaq qabiliyyətinə malikdir. Onun tərkibində, həmçinin K vitamini, fosfor, maqnezium, kalium da daxil olmaqla, sümüklərə qoruyucu təsiri ilə tanınan bir neçə qida birləşmələri də var.
Bundan əlavə, bu bənövşəyi rəngli meyvənin tərkibindəki polifenollar yüksək xolesterin səviyyəsi və yüksək qan təzyiqi kimi kardioloji xəstəliklərlə bağlı risk faktorlarını azaldaraq, ürəyə müsbət təsir göstərə bilər. Bu maddələr hüceyrələrin zədələnməsinin qarşısını alan güclü antiiltihab təsirə malikdir. Ürək-damar xəstəlikləri ilə bağlı daha aşağı dərəcəli risk məhz bədəndə xroniki iltihabın azalması ilə əlaqələndirilir.