Adətən, belə bir deyim var ki, adında “r” hərfi olmayan aylarda balıq yemək olmaz. Bir çoxları bu deyimi sağlamlıqla əlaqələndirirlər. Çox adam elə bilir ki, nəzərdə tutulan aylarda balıqdan istifadə etsə, səhhətində problem yaranacaq.
Maraqlıdır, həqiqətən bəzi aylarda balıq yemək insan orqanizmi üçün zərərlidir?
Məsələnin əsas məğzini Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Sabah”a açıqlayıb:
“Bəzi adamlar yaz-yay aylarında, xüsusən, adında r hərfi olmayan aylarda balığın yeyilməsini məsləhət görmürlər. Bu heç də balığın hər hansı problem yaradacağı ilə bağlı deyil. Xəzərdə və ətraf sahələrdə bir çox balıq növləri var ki, onlar məhz həmin aylarda kürü qoyurlar. Bu da onların çoxalmasına xidmət edir. Belə aylarda ovlanan balıqların nəsli kəsilmək təhlükəsi olduğu üçün bəzən həmin canlıların yeyilməsini, ovlanmasını tövsiyə etmirlər”.
Ekspert qeyd edib ki, istənilən mövsümdə balıq yemək orqanizm üçün faydalıdır:
“Balığın tərkibindəki D vitamini, fosfor, Omega3, Omega6 yağları mərkəzi beyin sisteminin funksiyasının yaxşılaşmasında daha çox önəm daşıyır. Göz sağlamlığının qorunması üçün də bu sadalananlar çox vacibdir. Balıqla qidalanmaq həmçinin, yeniyetmə və gənclərin inkişafı zamanı daha çox faydalı olur ki, orqanizmdəki daxili orqanların funksiyası daha yaxşı formalaşır. 30 yaşdan yuxarı insanlarda görmə qabiliyyətinin yaxşı olması, yaddaşın güclənməsi, Altsheymer xəstəliyi və oxşar xəstəliklərdən qorunmaq üçün mübarizədə balıq yeməyin daha effektiv olduğu deyilir. Təmiz, təzə, keyfiyyətli balıqdan ilin bütün fəsilləri və aylarında istifadə etmək olar”.