Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini, müalicələrin xeyrinin olmadığını qeyd edirlər.
Bununla yanaşı bəzi məktəblərdə qulaqdibi xəstəliyi də yayılıb. Bəzi uşaqlarda qulaqdan boyuna qədər şişkinlik yaranıb.
Bəs görəsən, göy öskürəklə, qulaqdibi xəstəliyi ilə bağlı ölkədə vəziyyət nə yerdədir? Bu xəstəliklər hansı fəsadlar yarada bilər? Bunlardan necə yaxa qurtarmaq olar?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyev qeyd edib ki, valideynlər uşaqlarını peyvənd etmədiyinə görə belə problemlərlə üzləşirlər:
“Göy öskürək bakterial infeksiyadır. Bakteriyalar tərəfindən törədilir. Bunların xüsusi toksinləri var. Xüsusi bakteriyalar var ki, yalnız bu xəstəliyi törədir. Yuxarı tənəffüs yollarından daxil olur, nəfəs borusu və bronxlara yapışır. Toksinlər ifraz edir. Bronxlarda spazm və iltihab, spazm nəticəsində öskürək tutmaları müşahidə edilir.
Uşaq öskürür, göyərir və boğulur. Adi öskürək deyil. Toksinlər sinir sisteminə də təsir edir. Qana da keçir. Baş beyinə təsir göstərir. Qıcolma müşahidə edilə bilər. Qızdırma əsas deyil. Rast gəlinmir. Olsa da yüngül rast gəlinir. Burada əsas problem öskürək tutmalarıdır”.
“Əsas problem uşaqların peyvənd olunmamasıdır. Peyvənd vasitəsilə immunitet əmələ gəlir. Peyvənd olunmadıqlarına görə belə problemlə üzləşirlər. Tək göy öskürəkdə deyil. Qızılcada da belə oldu. Alovlanmalar oldu. Səbəb peyvənd olunmamaq idi. Bir peyvəndlə təhlükəli xəstəliklərin qarşısını almış oluruq”, - deyə M.Əliyev əlavə edib.
Terapevt Abbas Bağırovun sözlərinə görə, göy öskürək kifayət qədər təhlükəli infeksion xəstəlikdir:
“Göy öskürək yuxarı tənəffüs yollarının iltihabı, spazmatik öskürək ilə müşahidə olunan kəskin infeksion xəstəlikdir. Bu insandan-insana təmas və hava-damcı yolu ilə keçir. Kifayət qədər təhlükəli infeksion xəstəliklər qrupuna aiddir.
Hər il dünyada 600 min nəfər bu xəstəlikdən həyatını itirir. Əsasən uşaqlar arasında daha çox yayılır. Ən çox da 5-7 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Xəstəlik əsasən payız və qış aylarında müşahidə olunur. 1 yaşına qədər uşaqlarda da təsadüf olunur. Xəstəliyə yoluxmamaq üçün peyvəndlərdən istifadə olunmalıdır. Peyvənd olunanlar xəstəliyi yüngül keçirlər. Spazmatik öskürək tutmaları zəif olur. Peyvənd olunanlarda immunitet yaranır. Təkrar yoluxmaya az rast gəlinir”.
A.Bağırov göy öskürəyin əlamətlərini sadalayıb:
“Əlamətləri fit səsi verən xırıltılı tənəffüs, ard-arda öskürmə, qusma, bəlğəm ifrazıdır. Üzün rəngi də göyərir. Üzdə şişkinlik də müşahidə oluna bilər. Özünəməxsus ağırlaşması olur. Əsas ağırlaşma pnevmoniyadır. Pnevmoniyanı da başqa mikroblar törədir. Göy öskürək olanda yuxarı tənəffüs yollarının selikli qişaları zədələnir. Bu zaman başqa infeksiyalar qoşulur və ağırlaşmalar ortaya çıxarır.
Beyin-qan dövranı pozulur, huşun itməsi baş verə bilər. Ağciyərlərdə ciddi proses baş verir. Yuxarı tənəffüs yollarında ağırlaşma olur. Müalicə 2-3 ay çəkir. Öskürək qalmış olur. Müalicə dövründə orqanizm həssas olur. Allergik reaksiyalar müşahidə oluna bilər. Vitamin balansını tənzimləmək lazımdır.
Ümumiyyətlə uşaqlarda öskürmə müxtəlif infeksiyaların bir simptomudur. Əsasən tənəffüs yolları infeksiyasıdır. Həkim öskürəyin yaranma səbəbini müəyyən etməlidir. Digər bakterial infeksiyalar da simptomunu öskürəklə göstərir. Öskürmənin də müxtəlif xarakterləri ortaya çıxmış olur”.
Terapevt qulaqdibi xəstəliyindən bəhs edib:
“Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir. Qulaqdibi əsasən uşaq və yeniyetmələrdə rast gəlinir. Ağız suyu vəzilərinin şişməsi nəticəsində yaranır. Xəstəlik bir həftə sonra ortaya çıxır. Kişilərdə daha çox rast gəlinir. Üzdə və qulaq ətrafında şişlər olur. Halsızlıq və hərarət verir. Udqunma zamanı ağrılar olur. Qulaqətrafı nahiyədə şişkinlik olur.
Qulaqdibi xəstəliyini keçirən qız və oğlanların gələcəkdə nəsil törətmə qabiliyyətinə ciddi təsiri olur. Bu xəstəliyə yoluxan azyaşlılar ciddi nəzarətə alınmalıdır”.