Müharibə bitdi, amma... - İrandan bəyanat

14
Apr
2024
02:49

İran-İsrail gərginliyinin bitdiyi bildirilir.

Azreform.info Tasnim-ə istinadən xəbər verir ki, İranın BMT-dəki səfiri Səid İrəvani İsrailə cavab məsələsinin həll olunduğunu söyləyib. 

O qeyd edib ki, İsrailə hücum “BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə məqsədi ilə hücum) uyğun olaraq həyata keçirilib.

Əlavə edib ki, “məsələ həll olunub, lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha güclü olacaq. Bu, İran və İsrail rejimi arasında münaqişədir, ABŞ məsafə saxlamalıdır”.

Xatırladaq ki, İran İsrailə ballistik raketlər atıb. Tehrandan bildirilib ki, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib

Bundan əlavə, ABŞ-nin hərbi qüvvələrinin İranın İsrailə doğru uçan bir neçə dronunu vurduğu söylənilib.