Ukrayna uduzsa, NATO Rusiya müharibəsi qaçılmazdır - Pentaqon

1
Mar
2024
10:21

Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yarada bilər. 

Azreform.info xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə deyib.

Ostinin fikrincə, Ukrayna uduzsa, Rusiya rəhbərliyi dayanmayacaq.

“Açığı, Ukrayna uduzsa, mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, - ABŞ müdafiə naziri deyib.

Ostin bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyi həm ABŞ, həm də onun tərəfdaşları və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün zəruridir.

“Düşünürəm ki, biz Ukraynanı dəstəkləməsək, çox təhlükəli bir vəziyyətə düşəcəyik. Müttəfiqlərimiz Ukraynanı dəstəkləməməklə verdiyimiz mesajdan təşvişə düşüblər. Bu həm də ukraynalı hərbçilərin mənəviyyatını sarsıdır”, - Ostin bildirib.

Onun sözlərinə görə, Ukrayna uduzsa, ABŞ-ni etibarlı müttəfiq və tərəfdaş hesab etmək olarmı sualı yaranacaq.

Mürtəza
Azreform.info