Azreform.info sevilən aktrisa Zemfira Əbdülsəmədova ilə müsahibəni təqdim edir:
- Əvvəla xoş gəlmisiniz. Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Bioqrafiyanızda "Yuxu" filmində də çəkildiyiniz qeyd olunub, amma adlar siyahısında sizi tapa bilmədim.
- O filmə çəkiləndə hələ ailə həyatı qurmamışdım. Ona görə də həmin vaxt soyadım Abdullayeva idi.
"Yuxu" 2001-ci ildə istehsala buraxıldı, amma haradasa çəkilişlər 6-7 il əvvəl başlamışdı. Filmə sponsorluq edən şirkət müflis oldu, çəkilişlər dayandı. Çox yaxşı film, çox yaxşı kollektiv olduğu üçün, korifeylər rol aldığı üçün ekranlara çıxmasaydı, heyif olardı.
- Özünüz necəsiniz? Səhhətiniz qaydasındadırmı? Yorulmamısınız ki?
- İndi bir qədər sakitlikdir. Serialda yoxam. Bu, bir tərəfdən çox yaxşıdır. Özümü toplaya bilirəm. Həm əsəblərim sakitləşir, həm də yorğunluğum çıxır. Çünki istər-istəməz gündəlik seriallar yorğunluq yaradır. Baxmayaraq ki, o da bir işdir. Sevdiyimiz işdir, sənətimizin bir qoludur, amma həddindən artıq yorucu və maddi baxımdan qarşılığını o qədər də görmədiyimiz bir işdir. Yəni əziyyətimizə baxanda maddi qarşılığı çox azdır.
Bura Azərbaycandır. Bu işin maddi tərəfi bu qədərdir. Razılaşırsansa, işləyirsən, istəmirsənsə, işləmirsən. İndi şükür Allaha ki, bir az özümü toplaya bildim, yorğunluğum çıxdı. Şükür Allaha, səhhətim də yaxşıdır.
- Teatrda işləmək insanı gənc saxlayır, yoxsa stresə salır?
- Teatr o qədər mürəkkəb bir yerdir ki, o sualın cavabı bəlkə də teatrda deyil, insanın içindədir. İnsan əgər özünü toplaya bilirsə, özünü yaxşı şeylərə kökləyə bilirsə, cavan qala bilir. Həm ruhən, həm zahirən o hissləri özündə qoruyub saxlaya bilir. Həm də bir söz var: özün gərək xoşbəxt olasan ki, ətrafı da xoşbəxt görəsən. Buna çalışıram, özümü daha çox pozitivliyə kökləyirəm.
- Yəqin ki, bu həm də işi sevməklə bağlıdır...
- Sözsüz ki, teatra olan böyük sevgi və məhəbbət heç vaxt bizim qəlbimizdən çıxmır. Bu, teatrda işləyən əksər aktyor üçün belədir. Əsas olan bizim teatrdan nə gözlədiyimiz deyil, teatra nə verdiyimizdir. Teatr elə bir yerdir ki, oranı gərək təmənnasız sevəsən. Teatr xəyanəti, üzüdönüklüyü sevmir. Ona gərək təzim edəsən, onu sevəsən, sığallayasan, ürək qoyasan. Onda teatr səni sevir.
- Bu gün televiziyanın, internetin və filmlərin teatrı bir qədər geridə qoyduğunu düşünənlər var. Həqiqətən belədirmi?
- Pandemiyadan sonra teatrlara və kinoteatrlara maraq çoxalıb. Çünki insanlar pandemiya zamanı evdə qapalı vəziyyətdə oturmuşdular. İnsanların yaşadığı qorxu, hürkü, həyəcan, üstəlik o qədər neqativ xəbərlər alırdılar ki, onlar qəribə sıxıntı və darıxmaq dərəcəsinə gəlib çatmışdılar. Elə mən özüm də dəhşətli dərəcədə darıxırdım. Hər şey gözləmə mövqeyində idi. Bir şeyi ki gözləyirsən, onun üçün darıxırsan, sonra o mütləq içəridən bir fırtına kimi çıxır və insan ona can atır. İnsanlar da o darıxmaqdan, sıxıntıdan sonra teatrlara ayaq açdılar. İnanın, mən belə bir şey heç vaxt görməmişdim. Çünki 1980-1990-cı illərdə tamaşaçılar teatra çox gəlirdilər. Amma budəfəki axını daha əvvəllər görməmişdim. İşlədiyim Gənc Tamaşaçılar Teatrına axın, maraq ondan sonra daha çox oldu. Biz tamaşaçı qazandıq. Tamaşaları oynayanda hiss edirdik ki, artıq o tamaşaçı oynadığımız tamaşalara yenə gələcək. Həqiqətən də zənnimizdə yanılmadıq.
İnsan belədir, bir şeyi itirəndən sonra qədrini bilir.
- Sizin bir-birinə bənzəyən bir neçə sərt qadın obrazlarınız olub. Bəzən aktyorlar bənzər rollardan yorulduğunu deyir. Siz necə düşünürsünüz?
- Düşünmürəm ki, ancaq daha sərt, acıqlı, hirsli qayınana və yaxud ana obrazlarını oynamışam. Ümumiyyətlə, mənim repertuarımda həm teatrda, həm kinoda, həm də seriallarda komediya, dram, tragikomediya olub. Bir dönəm oldu ki, evdə oturan xanımlar üçün nəzərdə tutulan məişət mövzulu seriallarda oynadım və ondan sonra düşündülər ki, bu məndə alınır. Hansı ki sırf qayınana-gəlin münasibətlərindən bəhs edən seriallardır. Bəlkə də, özlərini əziyyətə salmamaq üçün bu mövzuya müraciət edirlər. Rahatdır, oynaya bilir, gəlsin bunu ifa etsin. Düzdür, başqa simada, başqa geyimdə, başqa xarakterdə, başqa vəziyyətdə təklif olunmuş rollardır. Amma mən düşünmürəm ki, onların hamısı eyni xarakterdə olub. Keçən il oynadığım qayınana obrazının builkinə oxşamamasına çalışdım. Mənə elə gəlir ki, alınıb. Çünki həmişə tamaşaçıların rəylərindən irəli gələrək danışıram. Onlar həmişə məni yolda da görəndə danışırlar, sosial şəbəkələrdə də yazırlar. Baxmayaraq ki, qayınana obrazını onlara mənfi tərəfdən göstərmişəm, amma çox gözəl reaksiyalar verirlər.
Bəziləri bu rolda özlərini, bəziləri qonşularını, bəziləri qohumlarını görür. Axı həyatda bunlar da var. Ona görə onlar üçün maraqlıdır və bu problemdən çıxmaq üçün yollar axtarırlar ki, bəlkə elə olmayaq, görürsən, sonu necə oldu?! O son onları qorxudur. Əgər o sərtdirsə, ailəni idarə edə bilmirsə, hər şeyi acıq və qısqanclıq, paxıllıq üzərində qurursa, axı nəticəsi yaxşı olmur. Ona görə də mənə elə gəlir ki, bizim bir tərəfdən maarifləndirmək missiyamız öz bəhrəsini verir.
Amma digər tərəfdən, bəlkə də, onlar deyirlər ki, əşi, bu filmdir də. Bəlkə də özlərini görmək istəmirlər. Bəlkə, artıq dəyişmək istəmirlər. Bax, bu, həqiqətən problemdir. Əlbəttə, dəyişmək arzusunda olanlar çoxdur. Eləsi də var təkəbbüründən dəyişmək istəmir. Artıq belə qəbul edib və yaşayır. Bax, bu pisdir.
Mənə hətta gəlinlər zəng edib deyirlər ki, sağ olun ki, bizi göstərdiniz, özümüz üçün nəticə çıxardıq. Kənardan özümü gördüm. Hətta qayınanalar da olub ki, gəlinlərinə qarşı münasibətlərini dəyişiblər. Bu, çox yaxşıdır. Deməli, nəyisə əldə etmişik. Bəzən "serialdır, məişət mövzusudur, nəyi göstəririk ki" deyirik. Xeyr, onların da öz tamaşaçısı var.
- Küçədə insanların yaxınlaşıb rollarınız barədə söhbətləşməsi sizə necə hiss etdirir?
- Çox xoş olur. Əvvəl "Üç bacı" serialı var idi. Rəhmətlik Oqtay Əliyevin prodüserliyi və Siyavuş Hüseynlinin rejissorluğu ilə çox gözəl bir iş ərsəyə gəlmişdi. Bu rol mənim aktyor həyatımda bir dəyişiklik yaratdı. Əslində, "Üç bacı"ya təklif gələndə əvvəl tərəddüd etdim. Sonra yaxşı ki, bu obrazı oynamağa razılaşdım. Ona görə ki həqiqətən mənə uğur gətirdi. Səhər küçəyə çıxanda artıq hamı tanıyırdı. O serialda mən "parik" qoyurdum. Realda da ekran qarşısında olandan fərqli görünürəm. Yolda gedəndə səsimi eşidənlər dönüb baxırdılar, "Xədicə xanım" deyə müraciət edirdilər. Həmin serialdan sonra mənə qayınana obrazları təklif edildi.
Küçədə gedəndə insanlar yaxınlaşırlar, öz fikirlərini deyirlər, öz məhəbbətlərini göstərirlər. Hörmət, dəyər görürəm. Bu çox yaxşıdır. Hər dəfə də onlara deyirəm ki, siz mənə böyük motivasiya verirsiniz. İnsan daha gözəl işlər görməyə həvəslənir. Deyirsən ki, gördüyün iş artıq öz ünvanını tapdı. Hər bir sevgi qarşılıqlı olanda insan həyata daha çox bağlanır.
- Bildiyim qədərilə, fəaliyyətinizə Şəkidə başlamısınız. O günləri necə xatırlayırsınız?
- Şəkidə çalışdığım illər yaradıcılığımda önəmli yer tutur. Ümumiyyətlə, biz ora universitetdən təyinatla getmişdik. Nə yaxşı ki, biz orada Hüseynağa müəllimlə işlədik. Ona hər zaman duaçıyıq. Çünki o bizə göstərdi ki, teatr necə olur. O bizə teatrı sevdirdi və düz yolla getməyə kömək etdi. Aktyor düzgün səmtini tapanda işləmək onun üçün asan olur. Professional teatrda professional rejissorla işləmək, gözəl tamaşalar oynamaq aktyoru püxtələşdirir, fərqli obrazları oynamaqda çox kömək edir. Hüseynağa müəllim də Şəki teatrında repertuarı çox gözəl qurmuşdu. O vaxtı Şəki teatrını demək olar ki, bütün Sovet İttifaqında tanıyırdılar.
Moskvada, Kazanda, İrəvanda teatr festivalları keçirilirdi. Biz ora gedirdik. Məsələn, "Romeo və Culyetta"nı Şəki teatrında oynamışdım. Sadaladığım hər 3 şəhərdə bu tamaşa nümayiş olundu. Yəni o qədər gözəl yaradıcı atmosfer idi ki, o 3 ildə demək olar ki, mənim yaradıcılığımda nələrsə formalaşdı, nələrisə əldə etdim və artıq bildim ki, tutduğum yoldan çıxmayacağam. Teatra bağlandım, sevdim. Buna görə Şəki teatrına minnətdaram.
- Bu sənət üzrə təhsil alan, işin içində bişən biri kimi kənar sahədən gələn, teatr görmədən aktyorluq edənlərə münasibətiniz necədir?
- Hər şeyi bir kənara qoyaq, ən birinci istedaddır. Baxanda bilirsən ki, bu istedadlıdır. Bir də var Allah vergisi. Bu, tamam başqa bir şeydir. Onu cilalamaq, üzərində işləmək lazımdır. Yaxşı nəticə zəhmət bahasına başa gələ bilər. Baxmayaraq ki, o hansısa məktəbi keçməyib, hansısa professional rejissordan dərs almayıb, səhnə danışığı, aktyor sənəti, səhnə hərəkətini keçməyib, amma ona fitri istedad verilibsə, mənə elə gəlir ki, nəticə pis olmayacaq. Elə Şəkinin özündə teatrda elə aktyorlar var idi ki, onlar universitet bitirməmişdilər. Çox istedadlı aktyorlar idi. Teatr onları yetişdirdi. Kənarda qalsa, teatrda işləməsə, o gözəl nəticəni əldə etmək mümkün olmayacaq. Repertuar, yaxşı rejissor, yaxşı tərəf müqabilləri varsa, fitri istedad mütləq öz bəhrəsini verəcək.
- Məktəb, müəllim demişkən, siz özünüz də müəllim kimi fəaliyyət göstərirsiniz. Son günlərdə orta məktəblərdə baş verən neqativ hallara görə müəllimlər tənqid hədəfindədir. Müəllimin tərbiyədə rolunun önəmli olduğu vurğulanır. Amma bu problemlər daha çox orta məktəblərdə müşahidə olunur. Sizin bir müəllim kimi məsələyə münasibətiniz necədir?
- Bu dövlər o qədər qəlizləşdi, həm bizim, həm də uşaqlar tərəfdən bir nəticə əldə edə bilməmək çarəsizliyi yarandı. Səbəbkar da telefondur. Lazım olmayan o qədər informasiyanı oradan alırlar ki, onların gözləri açılır. Bilmirlər özlərini necə aparsınlar. Çabalaya-çabalaya qalırlar. Bu düzdürmü, səhvdirmi, axı onun izahı verilmir. O məlumatlarda "bunu etmə", "istidir, əlini vurma", "cızdır, yandırar" deyilmir.
Amma valideyn və müəllim, əlbəttə ki, nəzarəti əldən qoymamalıdır. Uşaqlara doğuluşdan, bağçadan bezdirməmək şərtilə diqqət ayrılmalıdır. O bilsə ki, niyə olmaz, onu eləməz. Hər bir şeyin baiskarı, dövrümüzdə o çıxılmaz vəziyyəti yaradan telefondur. Artıq qatar gedir, saxlamaq bir az çətindir. Bu işlə kompleks şəkilə məşğul olmaq lazımdır.
O vaxt görürdük ki, Rusiyada analar uşaq dünyaya gəlməmiş bətnində olarkən onunla söhbət edirdi, nağıl danışırdı. Uşağa hər yaşda bir münasibət göstərilirdi. İndi insanların başını daha çox işmi qatdı, telefonmu, qayğılarmı qatdı?! Valideynlər bir az uşaqlardan qırılmağa doğru getdi. Nəticə də göz qabağındadır.
- Bu yaxınlarda türkiyəli populyar aktrisa canlandırdığı dramatik səhnəyə baxıb xeyli ağladığını demişdi. Elə bir an olubmu ki, kənardan öz səhnənizə baxıb ağlayasınız?
- Bəli, olub. Məsələn, oynadığım obrazlarda qadın qızını ərə verir. Qızı o ailədə xoşbəxt deyilsə, incidilirsə, təhqir edilirsə, zorakılığa məruz qalırsa, ana olanlara sakit baxa bilmir. Baxmayaraq ki, günahkar elə özüdür. Əvvəldən bilməli idi ki, qızı orada xoşbəxt olmayacaq. Stereotiplər var. Deyirlər ki, nə olur olsun, qızım təki ərə getsin. O da olmur axı. Gərək insan düşünsün. Məsələn, elə də ailə var ki, qızına savad verməyib, qızı 10-cu sinfi bitirib, deyir ki, nə etsin? Getsin ərə. Bilinmir ki, sonra onun gələcəyi nə olacaq. Gedəcək, uşaqları olacaq, onlara baxacaq, əri tərəfindən təhqir olunacaq, bəlkə də döyüləcək. Bax, belə bir obraz var idi. Qızının o evdə çəkdiyi əzab-əziyyəti görəndən sonra tək qalır və gözünün yaşını yastığa silə-silə deyir ki, mən özüm öz əlimlə qızımı bədbəxt elədim. Ona baxanda həqiqətən kövrəldim. Çünki qızının ömrü hələ qarşıdadır, əzab-əziyyəti ömrünün axırına qədər çəkəcək. Elə bil ki, onun artıq möhürü vurulub, həyatda ondan artıq heç nə görə bilməz. Ona qədər də düşüncəsi çatmayacaq ki, buna nə qədər dözəcəyəm, niyə dözməliyəm, boşanım getsin. Bu da olmur. Həmin qadın o ərin köləsi olur. Canlandırdığım obrazda o dərdi çəkə-çəkə sözlər deyirdim. Həqiqətən kövrəlmişdim.
Bədii-sənədli "Asəf" filmi var. Orada mən Kövkəb Səfərəliyevanı canlandırırdım. O obraz yaşlı qadın idi. Gəncliyində tanınmış pionist olub, Asəf Zeynallı ilə birgə işləyib, konsertlər veriblər. Kövkəb cavanlığında Asəfi çox böyük məhəbbətlə sevib, amma bu sevgi qarşılıqsız olub. Kövkəb xanım yaşlansa da, heç vaxt ərə getməyib, o məhəbbəti ürəyində saxlayıb. Hətta bir jurnalist ondan müsahibə almağa gəlir. Kövkəb xanım jurnalisti Asəfə bənzətdiyi üçün ömrümdə ilk dəfə müsahibə verir, danışdıqca kövrəlir. Onun sadiqliyinə, Asəfə sona qədər olan məhəbbətinə baxanda kövrəldim.
- Bayaq xoşbəxt olmayan qadınlardan danışdınız. Deyirlər ki, bəlli bir yaşdan sonra qızın yediyi-içdiyi zərər, işlədiyi xeyirdir. Təəssüf ki, bu gün nə qədər ailələr var ki, qız məktəbi bitiribsə və ali təhsil də almayıbsa, onu tez evləndirib qapıdan çıxarmağa çalışır. Sizcə, bu münasibət nədən irəli gəlir?
- Bu, artıq zehinlərdə var. Bunu kim dəyişə bilər ki? Ana deyir ki, nə qədər sən qardaş qoltuğunda yaşayacaqsan? Qardaş gələcək deyəcək ki, bəsdir, mən səni nə qədərə saxlamalıyam?! Qızın da işləmək üçün elə bir savadı da yoxdur. Deməli, bunu kimsə saxlamalıdır? Ona deyirlər, get, səni ərin saxlasın. Bu təfəkkür insanların beynindən getmir. Ona görə mütləq insanlar övladlarına təhsil verməlidir. Ən əsas da qız uşaqları sabah kişidən asılı olmasın deyə, mütləq onları oxutmaq lazımdır. İraq olsun, sabah ailəsində hər hansı bir problem yarananda bilsin ki, öz balalarını saxlamağa bir parça çörəyi olacaq. Valideyn bunu mütləq düşünməlidir.
Bunlar kökdən gəlir. Düşüncə tərzi belədir. Yadınızda deyil, o vaxtı doğulan qız uşaqlarını torpağa diri-diri basdırırdılar. Təəssüf ki, bu təfəkkür tərzi indiyə qədər gəlib çıxıb və dəyişmir. Düşünürlər ki, kişi mütləq deməlidir ki, gətir qabağıma yemək, çay qoy, mən işdən gəlmişəm yoğunam, sən nə etmisən?! Əslində, belə baxanda qadın bütün gün evdə dələ kimi fırlanır, yük hər an onun üstündədir. Uşağa bax, yeməyini çatdır, az pulla evi idarə elə. Elə bilirsiniz, bunlar asandır? Yenə də bütün bu söhbətləri təhsilə bağlamaq lazımdır. Qızlara təhsil vermək lazımdır. Bəzən çarəsizlik yaranır. Çünki bir gün o qadın təhqirdən, şiddətdən bezəcək və qapını açıb çıxacaq. Allah bilir, onu qapı arxasında nələr gözləyir.
Davamı sabah II hissədə yayımlanacaq.
Billurə Yunus