Onlar insanı təhqir və söyüşlə güldürür - Azər Axşam açıq danışdı

9
Fev
2024
19:21

"Sənətkar başqa şeydir, pul qazanmaq başqa. Səmimi etiraf edim ki, bu gün məndən də istedadlı o qədər oğlanlar var ki... Belə bir deyim də var: "Malın mal olunca, gərək bazarın bazar olsun”. Azər Axşama dərs keçə biləcək istedada malik insanlar var ki, adam onlara ağzı açıq qulaq asar. Sadəcə onların şansı gətirməyib. O, özünü göstərə bilmədiyi üçün, bu gün onu yox, məni çəkirlər. Ancaq bu onun nöqsanı olduğu anlamına gəlmir. Bəlkə də həmin adam özünü göstərib, amma onu görmək istəməyiblər. Ya da görməzdən gəliblər".

Azreform.info xəbər verir ki, AZXEBER.COM-un "Gəl danış” rubrikasının qonağı aktyor, teleaparıcı Azər Axşam " "sənətindən pul qazana bilməyən sənətkar, sənətkar deyil" fikrinə münasibət bildirərkən belə deyib.

Hər zaman açıqsözlü olmağa çalışdığını qeyd edən sənətçi filmlərdə yer almamasından danışarkən söyləyib ki, son zamanlar komediya filmlərinə çəkilmək üçün təklif almır: "Çünki Azərbaycanda komediya sahəsində monopoliya yaradılıb. Heç özünüzə sual vermisiniz ki, bu gün daha çox komediya filmini çəkənlər kimlərdir? İndi bu cür filmləri həvəskar aktyorlar çəkir. Ssenarini özləri yazır, aralarından biri rejissorluq edir, digərləri də filmdə rol alır. Nəticədə eyni aktyor eyni obrazı bir neçə filmdə canlandırır. Bu halda günah o aktyorda yox, onu çəkən rejissordadır. Nə olsun ki, tamaşaçı o filmlərə gedir, baxır və gülür. Peşəkar gözü ilə bir də özümüz o filmlərə baxaq. Burada gülməli nə var? Heç nə!

Deyə bilərik ki, son zamanlar çəkilən komediya filmlərinin sambalı yoxdur. Həmin komediya filmləri tamaşaçını düşündürmür, əksinə təhqir və söyüşlə güldürür. Bunları nəzərə alaraq deyə bilərəm ki, bu gün Azərbaycanda film yox, "mırtfilmlər” çəkilir! Bəzən tamaşaçını güldürmək üçün düşünmədən elə sözlər işlədilir ki... Daha fikirləşmirlər ki, bu sözü demək olar, ya yox!"

Azər Axşam bildirib ki, sənəti ilə əlaqəli yaxşı bir təklif gəlsə, böyük məmnuniyyətlə ölkədən gedər: "Çünki mən özümü Hollivud ulduzları ilə bir sırada görürəm. Hollivuddakıların bizdən nəyi artıqdır ki? Bizdə elə istedadlı insanlar var ki, Hollivuddakı şəraitə sahib olmadıqları halda belə istedadlıdırlar. Onlar bir filmdə rol almaq üçün 30 milyon alırsa, bizdə aktyor bunun müqabilində 500 manat alır. Başqa yerdə olsa, heç bir aktyor bu məbləğ qarşılığında filmdə oynamaz".