Qırğızıstan hökumətinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, 1-8 noyabr tarixləri arasında Tacikistanın Buston şəhərində sərhəd təyinetmə komitələri bir araya gəlib.
İşçi qruplar Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 17,98 kilometri ilə bağlı razılığa gəlib və bu məsələ ilə bağlı protokol imzalayıblar.
Qırğızıstanla Tacikistan arasındakı təxminən 970 kilometrlik sərhədin 503 kilometrində mübahisə yaranıb. Sərhəd kəndlərində yaşayan əhalinin başlatdığı münaqişələrə zaman-zaman iki ölkənin silahlı qüvvələri də cəlb olunub. 14 sentyabr 2022-ci ildə baş verən ən son qarşıdurmada hər iki tərəfdən onlarla insan həyatını itirdi.
Keçmiş Sovet İttifaqının dağılmasından sonra yaranan sərhəd mübahisəsinin həlli üçün yaradılan işçi qrup daha əvvəl sərhədin 145 kilometrlik mübahisəli hissəsi ilə bağlı razılıq əldə etmişdi.