"Gürcüstan, Ukrayna və Moldova özlərində qətiyyət tapmadılar"

30
Yan
2024
11:14

Gürcüstan, Ukrayna və Moldova aktiv avro-inteqrasiya yolu seçmiş ölkələrdir və düşünürəm ki, AŞPA-da özlərini daha çox bu yöndən tanıdıblar. Bu ölkələrlə Azərbaycan arasında ikitərəfli qaydada çox yaxşı münasibətlər mövcuddur, lakin seçim edərkən görünür ki, sonradan AŞPA rəhbərliyinin təzyiqi ilə üzləşməmək üçün belə addım atmış olublar.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Əhmədov deyib.

O, qeyd edib ki, amma gərək özlərində qətiyyət tapıb bu qərarın əleyhinə səs verərdilər:

"Əminəm ki, hər üç ölkənin rəhbərliyi Azərbaycanı birmənalı dəstəkləyir. Azərbaycan həm GUAM çərcivəsində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün də bu siyasət davam edir, lakin təəssüf ki, biz bu ölkələrin parlamentarilərindən AŞPA-da belə mövqenin şahidi olduq. Hər üç ölkə ilə bizim ortaq tarixmiz var, Gürcüstanla Azərbaycan strateji tərəfdaşdır və Ukraynaya müharibə vaxtı humanitar yardım, Moldovaya enerji təminatında dəstək olub. Lakin görünür belə məqamlar münasibətlərə yenidən baxmaq üçün bir fürsətdir. Onlar üçün bu məsələ sadə görünə bilər bəlkə də, amma Azərbaycan cəmiyyəti üçün bu ciddi məsələdir və bu məsələdə bu ölkələrin həmrəyliyi mütləqdir. Ümid edirəm bizim Xarici Siyasət idarəsi gələcəkdə bu ölkələrlə təmaslarda bu məqamları diqqətə çatdıracaq".