Fuad Əliyevin izdihamlı Ağsu görüşü - Fotolar

23
Yan
2024
16:53

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev bu gün Ağsu rayonunda seçicilərlə görüşüb.

Həmişə olduğu kimi bu görüş də möhtəşəm izdihamlı keçib. Havanın qarlı və soyuq olmasına baxmayaraq seçicilər F.Əliyevlə görüşə böyük həvəs və inamla gəliblər.

F.Əliyev ənənəvi olaraq seçki platforması və proqramı ilə seçicilərini tanış edib. Müxtəlif sosial, iqtisadi və siyasi məsələlərlə bağlı fikirlərini bölüşüb.

O, qeyd edib ki, 7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaqdır: Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək Sizin əlinizdə olacaqdır. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir".

F.Əliyev daha sonra deyib ki, “Vətəndaş Birliyi” seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və Prezident seçkilərində mənim namizədliyimi irəli sürüb: "Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün Prezident seçkilərində namizəd olmağı qəbul edib və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm.

Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur. Bu böyük missiya və şərəfli işi davam etdirmək üçün qatıldığım Prezident seçkilərində mənə güvənəcəyinizə əminliyimi ifadə edirəm".

Sonda F.Əliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb.