Avropadan Ukraynaya tələb: İmtina et! 

23
Yan
2024
15:35

Avropa İttifaqı və NATO üzvü olan Slovakiya bəyan edib ki, Ukrayna Rusiyanın xeyrinə Donbas və Krımdan imtina etməlidir

Azreform.info "aktuality.sk"yə istinadən xəbər verir ki, belə bir təkliflə Baş nazir Robert Fiko çıxış edib.

Slovakiya hökumət başçısı bildirib ki, Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq. 

Onun sözlərinə görə, Ukrayna və Rusiya hər iki tərəf üçün çox ağrılı olacaq hansısa güzəştə getməlidir. “Onlar nə gözləyirlər? Ruslar Krımı, Donbas və Luqanskı tərk edəcəklər? Bu, qeyri-realdır”, - deyən Fiko Ukraynanın Rusiyanın xeyrinə öz ərazisinin bir hissəsindən imtina etməli olacağına eyham vurub.

Bu bəyanatlara cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko qeyd edib ki, ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt ola bilməz. 

“Gəlin açıq danışaq. Əgər Ukraynada təhlükəsizlik olmasa, nə Slovakiyada, nə də bütövlükdə Avropada təhlükəsizlik olacaq. Biz birlikdə çalışmalıyıq ki, Ukraynanın qələbəsini yaxınlaşdıraq”, -  Ukrayna  XİN təmsilçisi bildirib.

Mürtəza
Azreform.info