Kosovo Serbiya məhsulları üçün qoyulan qadağanı ləğv etdi

9
Okt
2024
08:21

Kosovo hökuməti Merdare sərhəd-keçid məntəqəsində Serbiya məhsullarının idxalına qoyulan qadağanın ləğv olunması barədə qərar qəbul edib.

Azreform.info xəbər verir ki, Serbiya məhsulları olan ilk yük maşını sərhəd-keçid məntəqəsindən keçib.

Avropa İttifaqı (Aİ) Priştinanın qərarını alqışlayıb, bunu regionda azad ticarətin bərpası istiqamətində müsbət addım kimi qiymətləndirib.

Serbiya Prezidenti Aleksandar Vuçiç qadağanın aradan qaldırılmasının ölkə iqtisadiyyatı üçün vacib olduğunu bildirib.

Qeyd edək ki, iki ölkə arasında artan gərginlik fonunda 2023-cü ilin iyununda Kosovo təhlükəsizlik məsələlərini əsas göstərərək Serbiya məhsullarının idxalına qadağa qoymuşdu. Lakin Aİ dəfələrlə gərginliyi azaltmaq və dialoqu təşviq etmək üçün bu qadağanın ləğvini tələb edib. Bu addım, eyni zamanda, Balkan ölkələri arasında yüksək səviyyəli əməkdaşlıq üçün Aİ-nin dəstəklədiyi “Berlin Prosesi” təşəbbüsü üzrə sammitdən bir neçə gün əvvələ təsadüf edib.