İyul ayında piştaxtaları bəzəyən meyvə və giləmeyvələr əsasən tərkibindəki C vitamini və antioksidatlara görə olduqca faydalıdır.
Medicina.az xəbər verir ki, qastroenteroloq iyul ayında əsasən qaragilə, böyürtkən, moruq, albalı və qarağat yeməyi məsləhət görürlər.
Adı çəkilən giləmeyvələr immunitet sisteminə faydalı təsir göstərirlər.
Moruqda ürəyin fəaliyyətini dəstəkləyən və sinir sistemini gücləndirən B vitaminləri var. Həmçinin polifenollar və fitonsidlər baxımından da moruq olduqca zəngindir. Bunlar hüceyrələri zədələnmədən qoruyan və iltihabı azaltmağa kömək edən antioksidantlardır. Bütün bunlar sayəsində moruq soyuqdəymə üçün əsas vasitə hesab edilir.
Yeməli doqquzdon başqa növlərdən meyvəsinin yeməli, turşməzə olması ilə fərqlənir. Bu meyvədə iltihab əleyhinə və gözlər üçün faydalı olan yüksək səviyyəli antosiyaninlər, eləcə də bir sıra sağlamlığa faydalı minerallar - kalium, maqnezium, natrium, dəmir, fosfor var.
Böyürtkən isə dəriyə və gözə faydalı olan A və E vitaminləri ilə zəngindir. O, həmçinin kalsiumun və D vitamininin mənimsənilməsinə kömək edən, böyrəklərin və ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərən K vitamininin gündəlik tələbatının 30%-ni ehtiva edir.
Qaragilə gözlər üçün faydalı olan giləmeyvə kimi tanınır. Tərkibində qan damarlarını daha elastik edən və onları zədələrdən qoruyan P vitamini var. Həmçinin antosiyaninlərlə zəngindir.
Bu mövsümdə süfrələri bəzəyən bir çox meyvə və giləmeyvə lutein, eləcə də zeaksantin ehtiva edir. Bunlar gözlərin qoruyucu funksiyasını yaxşılaşdıran və fotozədələrin sağalmasına kömək edən maddələrdir. Meyvələrdəki pektin isə bağırsaq divarları vasitəsilə zərərli maddələrin qana sorulmasını əngəlləyən təbii vasitədir.
Qara qarağatda çoxlu A, E, P, B vitaminləri və çoxlu miqdarda (limondan dörd dəfə çox) askorbin turşusu var.
Sarı böyürtkəndə A, E, və B vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və maqnezium var. Bu minerallar hematopoetik sistem və orqanizmdə hüceyrələrin inkişafı üçün faydalıdır.
Gilasda vitaminlərlə yanaşı sink, yod, mis və xrom, həmçinin qan laxtalanma riskini azaldan kumarin maddəsi var.
Bütün giləmeyvələr həzmi yaxşılaşdıran çoxlu pəhriz lifi ehtiva edir. Ancaq hər gün çox miqdarda giləmeyvə yeyirsinizsə, bu xüsusiyyətlər problemlərə səbəb ola, şişkinlik və ishal yarada bilər.
Mütəxəssislər mədə xorası, qastrit, xroniki pankreatit, bağırsaqlarda iltihab, mədənin yüksək turşuluğu zamanı yay giləmeyvələrini ehtiyatla istehlak etməyi məsləhət görürlər.