Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar

18
İyl
2024
16:14

Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər.

Qida Təhlükəsizliyi Agentliyindən Azreform.info -a verilən məlumata görə, son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir.

Qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:

-    Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı;
-    Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli;
-    Əldə yara olarsa, yemək hazırlamazdan əvvəl sarğı ilə bağlanmalı;
-    Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli;
-    Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı;
-    Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli;
-    Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı;
-    İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli;
-    Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı;
-    Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli; 
-    Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli;
-    Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı;
-    Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.