“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
“Report”un məlumatına görə, Ağdam təmsilçisinin Bakıda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.
Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.
Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub.
Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.