Şəkərli diabetin gözlərə zərər verməməsi üçün nə etmək olar?

17
İyl
2024
04:07

Şəkərli diabet gözlər də daxil olmaqla, bütün orqanlara təsir edən ümumi bir xəstəlikdir.

20 ildən sonra şəkərli diabet səbəbindən oftalmoloji fəsadlarla üzləşən insanların sayının 1,5 dəfə artacağı proqnozlaşdırılır.

Bununla belə, hazırda yalnız oftalmoloji ağırlaşmaların inkişafını dayandırmaq deyil, həm də ümumiyyətlə görmə orqanının funksionallığını yaxşılaşdırmaq mümkündür.
Medicina.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya professor Rinat Faizrəhmanov bildirib.

Onun sözlərinə görə, təkcə Rusiyada 5 milyondan çox şəkərli diabet xəstəsi var.

“Xəstəliyin artmasına irsiyyət, oturaq həyat tərzi, pis qidalanma və mənfi ekoloji dəyişikliklər böyük təsir göstərir.

Şəkərli diabet bədənin bütün orqanlarına və sistemlərinə təsir edən qan mikrosirkulyasiyasını ciddi şəkildə pozur və bu da ilk növbədə gözün tor qişasının fəaliyyətinə pis təsir edir. İlk siqnal görmə kəskinliyinin pisləşməsidir.

Qohumlarında bu problem olan insanlar sağlamlığına daha diqqətli yanaşmalı və ən kiçik bir xəstəlik əlamətində həkimə müraciət etməlidir”, - oftolmoloq qeyd edib.

O diqqətə çatdırıb ki, bu gün diabet erkən mərhələdə, ağır təzahürləri başlamazdan əvvəl tanına bilir:

“Müntəzəm müayinə bütün oftalmoloji patologiyalara görmə qabiliyyətinə və tor qişanın mərkəzi hissəsinə ciddi zərərin olmadığı mərhələdə diaqnoz qoymağa imkan verir. Prinsipcə, bu, prosesi dayandıra biləcəyimiz mərhələdir. Buna görə də, həkimlərin müntəzəm müayinəsini, şəkər qəbulunu azaltmağı və fiziki aktivliyi artırmağı özündə cəmləşdirən kompleks yanaşma lazımdır”, - deyə mütəxəssis vurğulayıb.

Professor son illərdə şəkərli diabetdə oftalmoloji ağırlaşmaların müalicəsinə yanaşmanın əhəmiyyətli dərəcədə dəyişdiyini nəzərə çatdırıb:

“Yeni cərrahi müalicə üsulları işlənib hazırlanıb. Müasir dərmanlar qlükoza azaldıcı terapiyada əvəzedilməz bir üsula çevrilib, bu, nəinki fəsadların inkişafını dayandıra, həm də retinanın funksionallığını artıra və ən əsası görmə qabiliyyətini qoruya bilər. Buna görə də, effektiv terapiya seçəcək bir mütəxəssislə vaxtında əlaqə saxlamaq son dərəcə vacibdir”.