“Ac qarına məşq etməyin!”.
Medicina.az xəbər verir ki, bu barədə Prof. Dr. Metin Uzun xəbərdarlıq edib.
O, yay aylarında idman edərkən zədə almamaq üçün hansı addımların atılmalı olduğunu açıqlayıb.
“İdmandan əvvəl gərmə-isinmə hərəkətləri etmək, idman zamanı içilən suyun miqdarına diqqət yetirmək, idmandan sonra yenidən gərmə hərəkətləri etmək vacibdir”, - professor bildirib.
O, idman zədələrinin qarşısının alınmasında düzgün qidalanmanın da vacib olduğunu bildirib:
“Qidalanma vərdişləri vacibdir. Məşqdən əvvəl karbohidrat və məşqdən sonra zülal istehlak etmək həm zədə riskini azaldır, həm də arzuladığınız görünüşə çatmağınıza kömək edir. Bu səbəbdən idmana başlamazdan 1-2 saat əvvəl qəhvəyi düyü və ya aşağı qlisemik indeksli tam buğdalı makaron kimi karbohidratlı qidalar yeyin; idmandan sonra isə toyuq, qırmızı ət və ya balıq kimi zülal tərkibli qidalar istehlak edin”.
Professorun sözlərinə görə, idman zamanı yaralanma riskinin qarşısını almaq üçün su istehlakına da diqqətli yanaşmaq lazımdır:
“İdman zamanı az su içmək beyinə və əzələlərə gedən qanın miqdarını azaltdığı üçün zədə riski artır.
Yay aylarında artan temperatur və rütubət səbəbindən maye itkisi də çoxalır. Bu səbəbdən normalda qəbul etdiyinizdən daha çox maye içməlisiniz. Xüsusilə idman zamanı çoxlu suyu az-az için”.
Professor bildirib ki, idman zamanı içilməli olan su miqdarını təxminən belə hesablamaq olar: məşqdən əvvəlki çəki ilə sonrakı çəki eyni olmalıdır. Aradakı fərq istehlak edilməli olan mayenin miqdarını göstərir.