Bu qidaların tərkibindəki nitrat erkən ölüm riskini artırır

16
İyl
2024
04:56

Bitki mənşəli nitratlar insan sağlamlığı üçün faydalıdır, heyvan mənşəli nitratlar isə ölüm riskini artırır.

Medicina.az xəbər verir ki, bu barədə Edith Cowan Universiteti “MedicalXpress” portalında məlumat yayıb.
Məlumata görə, bitkilərdən alınan nitratlar qan damarları üçün faydalıdır, lakin ət və suyun tərkibində olanlar zərərlidir.

Nitratlar əsasən çuğundurun, yarpaqlı göyərtilərin, ətin və içməli suyun tərkibində olur.

Yeni araşdırma çərçivəsində alimlər Danimarkadan olan 52 min xəstənin məlumatlarını təhlil ediblər. Məlum olub ki, bitki əsaslı nitratların orta və yüksək qəbulu xərçəng və ya ürək xəstəliyindən ölüm riskini 14-24% azaldır.
Əksinə, heyvan mənşəli nitratların daha çox qəbulu erkən ölüm riskinin müvafiq olaraq 9-12% artması ilə əlaqəlidir. İşlənmiş ət (kolbasa, sosis və s.) istehlak edərkən risk 12-22% artır.

İçməli suda olan nitratlar da ürək-damar xəstəlikləri riskini artırır.

Alimlər bunun səbəbini belə izah ediblər:

“Bəzi nitratlar qəbul edildikdə azot oksidinə çevrilir. Bu maddə qan axını yaxşılaşdırır və təzyiqi aşağı salır. Lakin bəziləri kanserogen nitrozaminlərə də çevrilə bilir”.

Qeyd edək ki, tərəvəzlərdəki antioksidant maddələrin nitratların faydalı azot oksidinə çevrilməsinə səbəb olduğu düşünülür.