"Dəniz suyu və qum vannası sanator-kurort reabilitasiyasının çox vacib hissələridir. Sadəcə təhlükəsizliyimiz üçün bəzi amillərə diqqət yetirmək lazımdır".
Azreform.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova deyib.
"İshal, ürəkbulanma, qarın ağrısı, bəzən qızdırma timsalında tanıdığımız infeksion qastroenteritlər yayda tez-tez rast gəlinən mədə-bağırsaq pozuntularındandır.
İkinci problem bu mövsümdə lazımi şəraitdə saxlanılmayan məhsulların istehlakıdır. İsti hava bakteriyaların böyümə sürətini artırır. Əlavə olaraq isə istiyə məruz olan qidaların qəbulu, hətta təkcə ətraf mühitin temperaturun özü daxili mikrobiotamızı, bağırsaq floramızı dəyişir və köp, ishal, həzm çətinliyi kimi şikayətlər meydana gəlir",- deyə o əlavə edib.
Mütəxəssis bildirib ki, bu cür hallarla rastlaşmamaq üçün dəniz suyunun udulmasının mümkün qədər qarşısı alınmalı, gigiyena qaydalarına və qidanın saxlanma şəraitinə düzgün əməl olunmalıdır:
"Elektron qida termometri qida təhlükəsizliyini təmin etmək üçün zəruri elementdir. Əgər əks göstərişimiz yoxdursa, təbii probiotik olan qatıqdan mütəmadi istifadə edə bilərsiniz.
Bildiyiniz kimi, mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmimizin susuzlaşdığı bir dövrdə çox lazımdır. Amma yay aylarında çoxlu su itirdiyimizə görə, adətən bizim üçün faydalı olan mədə-bağırsaq ifrazatının (öd, turşu istehsalı) artması ilə bəzi xroniki xəstəliklərin simptomları aktivləşə bilər. Bunlar arasında qastro-ezofageal reflyuks xəstəliyi, qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, duodenitlər, funksional dispepsiya və digər xəstəlikləri qeyd etmək olar.
Yay mövsümündə öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün insanlar təbiətin qoynunda dincəlməyə üstünlük verirlər. Bu zaman istehlak edilən hazır və sağlam olmayan qidalar, manqalda hazırlanan yağlı yeməklər, spirtli içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, tez-tez qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur.
Qeyd etmək lazımdır ki, qida qəbul etdikdən sonra mədə-bağırsaq sisteminə qan axını sürətlənir. Həzmdən bir saat əvvəl fiziki aktivliyə başlasaq, həmin axın sürətlənə bilməyəcək. Çünki qan axını əzələlərə doğru yönələcək və həzmsizlik əlamətləri müşahidə olunacaq. Bunlara köp, ağırlıq hissi, qıcqırma və digərləri daxildir".