Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağının istehlakı bütün dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə olunur.
Lakin məlum olub ki, balıq yağı əlavələri sağlam insanlarda ürək xəstəliyi və insult riskini artıra bilər. Digər tərəfdən, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm riskini azaltması mümkündür.
Bəzi araşdırmalar göstərir ki, bu yağın ürəkdə ritm pozğunluğu olan atrial fibrilasiya kimi bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.
Medicina.az xəbər verir ki, balıq yağı əlavələrinin ürək sağlamlığına təsirini öyrənmək istəyən tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən Biobank-dan yararlanaraq 415 min 737 nəfərin tibbi vəziyyətlərini təhlil ediblər.
“BMJ Medicine” jurnalında dərc edilən araşdırma çərçivəsində orta yaşı 55 ətrafında olan insanların təxminən 12 illik məlumatları təhlil edilib.
İştirakçıların təxminən 30 faizi müntəzəm balıq yağı əlavələri qəbul etdiyini bildirib. Onların əksəriyyəti yaşlı qadınlar olub.
Həmçinin bu əlavəni mütəmadi olaraq qəbul edənlər daha çox spirtli içki və balıq da istehlak edən şəxslər olub.
Alimlər müəyyən ediblər ki, müntəzəm balıq yağı əlavəsi tədqiqatın əvvəlində heç bir ürək-damar xəstəliyi olmayan iştirakçılarda atrial fibrilasiya riskinin 13 faiz və insult riskinin 5 faiz artması ilə əlaqələndirilir. Bu təsirin sağlam qadınlarda və siqaret çəkməyənlərdə daha çox olduğu müəyyən edilib.
Digər tərəfdən, tədqiqatın əvvəlində ürək xəstəliyi olanlarda balıq yağı əlavəsinin infarkt riskini 15 faiz, ürək çatışmazlığından ölmə riskini isə 9 faiz azaltdığı təsbit edilib. Balıq yağının bu qoruyucu funksiyası kişilərdə və yaşlılarda daha güclü təsir göstərib.
Tədqiqat müşahidəyə əsaslanır və qəbul edilən əlavələrin miqdarını, eləcə də dəqiq məzmununu bildirmədiyi üçün tam etibarlı nəticə əldə olunmayıb.
Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker araşdırma haqqında deyir:
“Bu araşdırma müntəzəm olaraq balıq yağı əlavələri qəbul edən insanlarda narahatlıq yaratmamalıdır. Ancaq ürək və qan dövranı sistemi xəstəliklərinin qarşısını almaq üçün balıq yağı əlavələri qəbul etməyə başlamağın təsirli olmamaq ehtimalının yüksək olduğunu göstərir”.
Parker əlavələrin sağlam pəhrizi əvəz edə bilməyəcəyini vurğulayır, infarkt və insult riskini azaltmaq istəyənlərə Aralıq dənizi pəhrizini tövsiyə edir. Yağlı balıqların çox, qırmızı ətin isə az istehlak edildiyi bu pəhriz taxıl, paxlalılar, tərəvəz və meyvələrlə də zəngin qidalanmağı tələb edir.