Əməköməcinin el içində başqa adları da var. Ona bəzi bölgələrimizdə balba, bəzi bölgələrimizdə cırdana deyirlər.
Bu bitki haqqında bir atalar sözü də var: "Gicitkən dalar, əməköməci yalar". Gizitkən dalayan, qaşınan yerə əməköməci yarpağı sürtəndə qaşıntı kəsir. Çünki bu bitkinin sakitləşdirici xüsusiyyəti var.
Çox zəngin tərkibi olan əməköməci ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə olunur. Onun tərkibindəki selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir, tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq yaxşı təsir edir.
Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan civzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.
Təzə əməköməci yığılır, əzilir və ya ətçəkən maşından keçirilir, keçəllik və saçtökülmə zamanı 1 ay hər gün başa çəkilir.
Əməköməcidən dadlı sıyıq, şorba və göy qovurması da bişirə bilərsiniz.(lent.az)