Elmi araşdırma: həkimi qadın olanların sağ qalma şansı daha çoxdur

25
Apr
2024
18:07

Bəzi xəstələr həkim seçərkən cinsə də diqqət yetirirlər. Araşdırma qadın həkimlərə üstünlük verənlərin haqlı olduğunu ortaya çıxarıb.

Medicina.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma, qadın həkimlər tərəfindən müalicə olunan xəstələrin sağ qalma ehtimalının daha yüksək olduğunu göstərib.

Araşdırma çərçivəsində müalicə olunan hər 1000 xəstəyə görə ölüm faizləri hesablanıb. Qadın həkimlərin xəstələrinin ölüm nisbətinin 8,15 faiz, kişi həkimlərin pasientlərinin ölüm nisbətinin isə 8,38 faiz təşkil etdiyi anlaşılıb.
Los-Ancelesdəki Kaliforniya Universitetinin tədqiqatçıları 2016 və 2019-cu illər arasında ABŞ-da xəstələrin 775 000-dən çox sığorta iddiasını qiymətləndiriblər. Eləcə də həkimə müraciət etdikdən sonrakı 30 gün ərzində ölənlərin sayı qeyd edilib.

Qadın həkim tərəfindən müalicə olunan qadın xəstələr arasında kiçik, lakin əhəmiyyətli bir fərq tapılıb - ölüm nisbəti 8,15 faiz olub. Kişi həkim tərəfindən müalicə olunanlarda bu nisbət 8,38-faizə yüksəlib. Bu isə hər 1000 nəfərə təxminən iki ölüm fərqi deməkdir.

“Annals of Internal Medicine” jurnalında dərc olunan araşdırmanın tədqiqatçıları, həmçinin "xəstələrin təkrar xəstəxanaya qəbul dərəcələrində də oxşar model olduğunu" bildiriblər. Qadın həkim tərəfindən müalicə olunan qadınların 30 gün ərzində yenidən xəstəxanaya müraciət etmək ehtimalı az olub.

Komanda bu təsirin qadın həkimlərin öz həmcinsləri ilə daha yaxşı ünsiyyət qurması və nəticədə daha dəqiq diaqnoz qoyub, effektiv müalicənin tətbiq olunması ilə əlaqələndirirlər.

Mütəxəssislər daha çox qadın həkimin olmasının “xəstələrə fayda verəcəyini” bildirirlər.

Tədqiqatın baş müəllifi Dr. Yusuke Tsuqava deyib:

“Bizim tapıntılar göstərir ki, kişi və qadın həkimlər müalicələri fərqli şəkildə tətbiq edirlər. Bu fərqlər xəstələrin sağlamlıq nəticələrinə əhəmiyyətli təsir göstərir".