"Uşaqlar qlobal istiləşməyə görə məsuliyyət daşımasalar da, hazırda ən çox zərərçəkən qrup onlardır. Ən çox onların ağciyərləri təsirlənir".
Medicina.az xəbər verir ki, bunu uşaq sağlamlığı və xəstəlikləri uzmanı Dr. Şirin Seçkin bildirib.
O, qlobal istiləşmə ilə birlikdə “leysan yağış və fırtına astması” adlı yeni bir anlayışın ortaya çıxdığını söyləyib.
“Qlobal istiləşmənin uşaqlarda tənəffüs yolu infeksiyaları, astma kimi təsirləri var. Gözlənilməz ani temperatur artımları, şiddətli yağışlar və ya fırtınalar xüsusi bir astma növünə səbəb olur. Məsələn, Almaniyada bir çox uşaq çinar poleninə görə xəstəxanaya yerləşdirilməli oldu . Məktəbdəki uşaqlar qəfil öskürək və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya yerləşdirildikdə bunun kimyəvi terror hücumu olduğu düşünülürdü, ancaq sonradan polen allergiyası olduğu ortaya çıxdı. Bu mövsümdə uşaqların 5-11 faizində çinar poleninə qarşı allergiya halları müşahidə olunur. Polen istilik, külək və quruluq səbəbiylə daha asan astmaya səbəb ola bilər. Xüsusilə böyük şəhərlərdə binalar arasında sıxışanlar daha çox təsirlənir.
Meşə yanğınları da astmanı 5-10 faiz artırır. Bu, uşaqların müxtəlif tənəffüs problemləri ilə xəstələnmə riskini də artırır”, - deyə Dr. Şirin Seçkin qeyd edib.
Seçkin ətraf mühitin çirklənməsinin əhəmiyyətli dərəcədə artdığını xatırladaraq astma xəstəliyini tətikləyən “rhino”, RSV və koronavirus kimi çoxsaylı infeksiyalardakı artımı da bununla əlaqələndirib:
“2023-24-cü ilin qışında uşaqların 16 faizində çoxsaylı infeksiyalar müşahidə olunub. Bu il daha çox xəstələndilər və daha çox buxar müalicələrinə ehtiyac duydular. Təəssüf ki, sinüzit, rinit və postnazal axıntı müalicə olunmazsa, astmaya nəzarət etmək mümkün deyil”.
Astmanın genetik olduğunu ifadə edən Dr. Şirin Seçkin qeyd edib ki, xüsusilə də ana və ya bacı-qardaşlardan birində astma varsa, xəstəlik ehtimalı artır:
“Xəstəliyin 50-60 faiz genetik olduğunu deyə bilərik. Təbii ki, ekoloji amillər də çox önəmlidir. 90-a yaxın gen astmaya həssaslığı təyin edir. Bu genlərdən birinin daşınması 3-5 faiz təsir etdiyi halda, bir neçəsini daşıyanda həssaslıq artır”.
Ətraf mühit faktorlarının astma üzərindəki təsirlərini xüsusi vurğulayan Seçkin sözlərini belə davam etdirib:
“Genlər insanın astmanı nə qədər ağır keçəcəyini müəyyən etmir, xəstəliyin şiddətini təyin etməkdə ətraf mühit faktorları daha vacibdir. Misal üçün, yuxu keyfiyyətinin yaxşılaşdırılması astmanı 20 faiz müalicə edə bilər”.
Dr. Seçkin astma simptomlarının xırıltı, öskürək, gecə və ya idman zamanı müşahidə olunan nəfəs darlığı, eləcə də sinə ağrısı olduğunu deyib.
“Əgər astma xəstəsi olan körpə son 24 saat ərzində 2-3 dəfədən az sidiyə çıxıbsa, yeyib-içdiyi yarıdan çox azalıbsa, sürətlə nəfəs alırsa və ya nəfəs alarkən qabırğaların arası çəkilirsə, mütləq təcili olaraq həkimə müraciət edilməlidir”.
Seçkin astmalı uşaqlar üçün evdə nəzərə alınmalı olan amilləri də nəzərə çatdırıb:
"Yataq otağı çox vacibdir. Xalça çıxarılmalı, divarlarda nəmlik olmamalıdır, allergenlər azaldılmalı, ev heyvanları yataq otağına buraxılmamalı, siqaret çəkilməməlidir.
Uşaqlarda adətən 2-2,5 yaşlarında başlayan astma mütləq müalicə olunmalıdır. Əks halda, ağciyər öz inkişafını tamamlaya bilməz. Bu isə digər təsirlərlə yanaşı, qocalıqda xroniki bronxit və KOAH olmaq riskini artırar”.