Azərbaycan Premyer Liqasında cari mövsümə uğursuz başlayan "Qəbələ” hələ də toparlana bilmir. Qeyri-sabit çıxışı ilə turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşan bölgə təmsilçisi hər bir şəraiti olmasına baxmayaraq, daha yuxarı pillələrə yüksəlməkdə böyük çətinliklərlə üz-üzədir. Bəs komandanın problemi nədir? Niyə toparlana bilmirlər?
"Qəbələ”nin aparıcı üzvlərindən olan İlkin Qırtımov durumla bağlı Qaynarinfo-ya danışıb. Təcrübəli müdafiəçi qeyri-sabitliyin səbəblərini bunlarda görüb:
"Turan Tovuz”la oyundan sonra ab-hava yaxşı idi. "Qarabağ”la oyunda boşluqlar verdik. Onlar da belə səhvləri bağışlamırlar. "Kəpəz”lə oyunda boşluqları aradan qaldırıb, yaxşı nəticə qazanmaq istəyirik”.
Qırtımov ötən tur Azərbaycan Premyer Liqasında baş tutan "Qarabağ”la oyunda 0:3 hesablı məğlubiyyətin səbəbini bu şəkildə izah edib:
"Ruhdan düşməmişdik. Ancaq çox asan qollar buraxdıq. Balansı, inamı itirdik deyə çətinlik oldu. Müdafiə olunmaq çətin idi, hücuma çox sürətli çıxırdılar. Digər oyunlara necə hazırlaşmışdıqsa, bu matç üçün də elə hazırlıq keçmişdik. Qayıdan topları götürməkdə çətinlik çəkirdik. Sadə epizodlarda top itiridik. Ona görə də "Qarabağ” sürətli hücum edərkən yerimizə qayıtmağa gecikirdik. Onlar da əllərinə düşən imkanlardan yaxşı istifadə edirdilər”.
Müdafiəçi "Kəpəz”lə matçı altıxallıq oyun adlandırıb:
"Qarşıdakı oyun altıxallıqdır. "Kəpəz”in vəziyyətinə görə bizdə arxayınlıq ola bilməz. Çünki bizim də durumumuz yaxşı deyil. Arxayınlıqdan söhbət gedə bilməz. Aramızda bir xal fərq var. Demək olar eyni sıradayıq”.
Maraqlıdır, "Qəbələ” nə üçün toparlana bilmir? Bunun səbəbi ardıcıl uğursuzluqlardır, yoxsa başqadır?
"Ardıcıl uğursuzluqlar da ola bilər. Sabitlik göstərə bilmirik. İki-üç oyun normal çıxış etsək, özümüzə gələrik. Bunları düzəltmək lazımdır və üzərində işləyirik. Məşqçilərlə də danışırıq. İnşallah görək necə olacaq. Özümüzə inamı bir qədər itirmişik. Oyuna çıxanda çətinlik yaşayırıq. İki-üç oyun yaxşı nəticə qazansaq, inamımızı qaytararıq”, deyə Qırtımov bildirib.
Təcrübəli müdafiəçi heyətdəki futbolçular, xüsusən də legionerlərlə bağlı bunları söyləyib:
"Normal çıxış edirlər. Bilirsiniz necədir? Komandadan çox futbolçu getdi. Gələnlərin də uyğunlaşması gecikir. Onlarla birlikdə biz yerlilər də oynayırıq. Əl-ələ verib vəziyyətdən çıxmalıyıq. Kimisə pisləmək çıxış yolu deyil. Bu komandanı daha da uçuruma aparar. Bizdə elə də klass oyunçular yoxdur ki, oyunu öz üzərinə götürüb təkbaşına qol vəziyyətləri yaratsın. Bir çıxış yolumuz var - meydanın hər qarışı uğrunda vuruşmaq”.
İstənilən komandada futbolçuların ruhsuz oynamasının səbəblərindən biri də maaşların gecikdirilməsi ola bilər. Bəlkə problem bundadır:
"Maaş keçənilkindən də yaxşı və vaxtında verilir. Bizdə belə problem yoxdur”.
İlkin bu davamiyyətlə "Qəbələ”ni mövsümün sonunda harda görməsi ilə bağlı sualı belə cavablandırıb:
"Əlimizdən gələni edirik. "Bağ belə, bostan belə” demirəm. Çünki çox yuxarılara gedə bilmərik. Amma bacardığımız qədər irəliləməli, son üç pillədən uzaqlaşmalıyıq. Bu yer bizi həqiqətən də narahat edir. Rəqibləri çox irəli buraxmamalı, onlara çatmalıyıq. Çünki Premyer Liqanı mövsümün sonunda tərk etmək məsələsi də var”.
Futbolçu Premyer Liqanın cari mövsümünü necə dəyərləndirdiyini də deyib:
"Çox maraqlı çempionat gedir. Bəlkə də son üç-dörd ildə belə maraqlı, gərgin çempionat olmayıb. Məni təəccübləndirən komandaların güclənməsidir. Gözümüzün öyrəşdiyi komandalar deyil. Hamı bir-biri ilə vuruşur. Asan rəqib yoxdur. Hər komandadan istənilən nəticəni gözləmək olar”.